TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
İstanbul, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın bəzi qərar və tətbiqləri ətrafında aparılan müzakirələrdə sağlam düşüncə, qarşılıqlı hörmət və məsuliyyətli ünsiyyət əsas götürülməlidir. Demokratik cəmiyyətlərdə tənqid əsas hüquq və azadlıqların ayrılmaz hissəsidir. Hər bir müstəqil dövlətin qərar və fəaliyyətləri tənqid oluna, fərqli fikirlər səsləndirilə bilər. Lakin tənqid hüququnun təhqirə, alçaldıcı ifadələrə, yaxud hansısa dövlətə və xalqa qarşı düşmənçiliyə çevrilməsi qəbuledilməzdir. Tənqid başqadır, düşmənçilik başqa. Bu fərqin qorunması həm ictimai məsuliyyətin, həm də Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi qardaşlığa hörmətin tələbidir.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) açıqlamasında yer alıb.
Açıqlamada bildirilib: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı həmrəylik və möhkəm mənəvi bağlar üzərində qurulub. “Bir millət, iki dövlət” anlayışı sadəcə şüar deyil, həm də qarşılıqlı etimadı, hörməti və ortaq gələcəyə dair məsuliyyəti ifadə edən tarixi mirasdır. Təbii ki, iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etməsi gözlənilə bilməz. Fərqli fikirlər səsləndirilə, qərar və fəaliyyətlər tənqid oluna bilər. Lakin heç bir fikir ayrılığı iki xalqı bir-birinə qarşı qoyan və qardaşlıq əlaqələrinə xələl gətirən ritorikaya bəraət qazandırmamalıdır. Xüsusilə ictimai rəyə təsir göstərən şəxslərin və qurumların açıqlamalarında daha diqqətli, məsuliyyətli və konstruktiv dil işlətmələri böyük əhəmiyyət daşıyır”.
Həmçinin deyilib ki, ölkələrin tarixi, siyasi və ictimai reallıqları tək bir məsələyə endirilə bilməz. Buna görə də Türkiyə və Azərbaycan haqqında qiymətləndirmələrdə ardıcıl, ədalətli və ikili standartlardan uzaq yanaşma nümayiş etdirilməlidir. Fərqli fikirlər ittihamedici ifadələrlə deyil, məlumat, dialoq və qarşılıqlı anlaşma əsasında ifadə olunmalıdır.
Qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər gündəlik siyasi müzakirələrdən və dövri fikir ayrılıqlarından daha böyük tarixi və strateji əhəmiyyətə malikdir. Bu əlaqələrin qorunması yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti təşkilatlarının, media nümayəndələrinin, ictimai rəyə təsir göstərən şəxslərin və hər iki ölkənin vətəndaşlarının da ortaq məsuliyyətidir.
“Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq çağırışımız aydındır: Tənqid hüququ qorunmalı, lakin bu hüquq düşmənçilik yaratmaq vasitəsinə çevrilməməlidir. Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq gündəlik mübahisələrdən üstün tutularaq qorunmalı olan ortaq dəyərdir. Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı və həmrəyliyi”, - deyə açıqlamada qeyd edilib.