Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir
Bakı, 14 oktyabr, AZƏRTAC
Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun texnoloji və iqtisadi xüsusiyyətlərini nəzərə almaq vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov lll Milli Rəqabət Forumunda deyib.
Nazir bildirib ki, elektrik enerjisi, təbii qazın ötürülməsi və paylanmasının təbii inhisar xarakteri, təchizatın fasiləsizliyi və sistem təhlükəsizliyi effektiv dövlət tənzimlənməsini zəruri edir.
“Buna görə də rəqabətin mümkün olduğu sahələrdə bərabər imkanların yaradılmasına, təbii inhisar fəaliyyətlərində isə şəffaflığa, səmərəliliyə və istehlakçı hüquqlarının qorunmasına üstünlük verilir. Bu yanaşmanın həyat, bu yanaşmanın həyata keçirilməsində aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti də mühüm rol oynayır. Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi arasında məlumat mübadiləsi, araşdırmalar və tənzimləmə məsələləri üzrə əməkdaşlıq qanunvericiliyin effektiv tətbiqinə xidmət edir. Hesab edirik ki, bu əməkdaşlığın genişləndirilməsi mümkün qanun pozuntularının qarşısının alınmasına, bazar iştirakçılarının fəaliyyətində şəffaflığın artırılmasına və energetika sektorunda sağlam rəqabət mühitinin gücləndirilməsinə əlavə imkanlar yaradacaq", - deyə nazir əlavə edib.