Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu, zəngin mənəvi irsin formalaşdığı məkanlardan biri olub. Xalqımızın milli kimliyi əsrlər boyu dövlətçilik ənənələri, ana dili, ədəbiyyat, elm, incəsənət və mədəniyyətin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapıb. Müxtəlif mədəniyyətlərə hörmət və birgəyaşayış ənənələri də milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova deyib.
O qeyd edib ki, Azərbaycanın dünyəvi dövlətçilik ənənələri vicdan və etiqad azadlığının, dini dözümlülüyün və fərqli dünyagörüşlərinə hörmətin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Məktəb uşaqların yalnız bilik və bacarıqlara yiyələndiyi deyil, həm də şəxsiyyətinin, dünyagörüşünün və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm sosial mühitdir. Buna görə də təhsil müəssisələrinin əsas məqsədi şagirdləri dini və digər fərqliliklərə görə ayırmaq deyil, onları ortaq milli kimlik, vətəndaşlıq məsuliyyəti, qanunlara hörmət və ümumbəşəri dəyərlər ətrafında birləşdirmək olmalıdır. Məktəbdə qarşılıqlı hörmətin, bərabərliyin və birgəyaşayış mədəniyyətinin təşviqi şagirdlərin cəmiyyətin fəal üzvləri kimi yetişməsinə xidmət edir. Milli-mənəvi dəyərləri yalnız dini inanclarla məhdudlaşdırmaq düzgün deyil. Humanizm, mərhəmət, ədalət, azad düşüncə, elmə və biliyə hörmət, ailə dəyərləri, vətənpərvərlik və ictimai məsuliyyət də xalqımızın mənəvi dünyasının mühüm tərkib hissələridir.
“Bu gün əsas vəzifələrdən biri milli köklərini və mədəni irsini dərindən bilən, eyni zamanda müasir elmi təfəkkürə, müstəqil düşüncə qabiliyyətinə və geniş dünyagörüşünə malik gənc nəslin yetişdirilməsidir. Milli dəyərlərin qorunması tarixi irsi düzgün dərk etmək, onu müasir həyatla uzlaşdırmaq və gələcək nəsillərə ötürmək deməkdir. İnformasiya axınının genişləndiyi və ideoloji təsirlərin artdığı müasir dövrdə elmi biliklərin, tənqidi düşüncənin və dünyəvi dövlətçilik prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, ailə, məktəb və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi, milli irsin maarifçilik ənənələri əsasında təbliği mühüm vəzifələrdəndir. Gənclərin milli-mənəvi dəyərlərə bağlı, elmi biliklərə yiyələnən və müstəqil düşünən vətəndaşlar kimi yetişdirilməsi Azərbaycanın tarixi irsinin qorunmasına və gələcək inkişafına töhfə verəcək”, - deyə Nərgiz Axundova fikrini yekunlaşdırıb.