Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-Laos investisiya və biznes-forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Laos biznes qurumları arasında əməkdaşlıq tərəflər üçün faydalı olacaq.
“Azərbaycanda qeyri-neft iqtisadiyyatı artmaqda davam edir. Hazırda qeyri-neft sektoruna yatırılan investisiyaların yarıdan çoxu özəl şirkətlərin payına düşür. Azərbaycan sahibkarlara güzəştli maliyyələşdirmə, kredit zəmanətləri, vergi və gömrük güzəştləri vasitəsilə dəstək göstərir. Dövlət, həmçinin ixracatçıların nəqliyyat və logistika xərclərinin 70 faizədək hissəsini, eləcə də gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini kompensasiya edir. Ələt Azad İqtisadi Zonasında xarici investorlar tam xarici mülkiyyət hüququndan, mənfəətin sərbəst şəkildə ölkə xaricinə köçürülməsi imkanından yararlanırlar”, - deyə nazir müavini əlavə edib.