BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
London, 14 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə əvvəlcədən razılaşdırılmış tarixdə ifadə verməkdən imtina edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, BBC-nin vəkilləri Trampın ifadə verməsini təmin etmək üçün federal məhkəməyə müraciət ediblər.
Məlumata görə, tərəflər arasında aparılan bir neçə aylıq danışıqlardan sonra ABŞ Prezidentinin oktyabrın 16-da and içərək ifadə verməsi razılaşdırılıb. Lakin sentyabrın 28-də Trampın vəkilləri BBC nümayəndələrinə onun dövlət əhəmiyyətli digər məsələlərlə əlaqədar həmin tarixdə ifadə verə bilməyəcəyini bildiriblər. BBC-nin vəkilləri oktyabrın 13-də məhkəməyə təqdim etdikləri sənəddə Prezidentin əvvəlcədən müəyyən olunmuş tarixdə ifadə verməyə məcbur edilməsini istəyiblər.
Qeyd edək ki, ABŞ məhkəmə sistemində bu prosedur məhkəmə iclasından kənarda and içərək ifadə verilməsini nəzərdə tutur. Həmin ifadələr sonradan məhkəmə prosesində sübut kimi istifadə oluna bilər.
Xatırladaq ki, Donald Tramp ötən ilin dekabrında BBC-yə qarşı 10 milyard dollarlıq təzminat iddiası qaldırıb. İddia BBC-nin “Panorama” proqramında yayımlanan, 2020-ci il ABŞ prezident seçkiləri və 2021-ci ildə Vaşinqtonda Kapitoli binasına hücumla bağlı sənədli filmlə əlaqədardır. Tramp iddia edir ki, BBC onun çıxışının müxtəlif hissələrini montaj edərək elə təqdim edib ki, guya o, tərəfdarlarını zorakılığa təşviq edib. ABŞ Prezidenti bunun onun nüfuzuna xələl gətirdiyini bildirir.