Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur
Astana, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan paytaxtında 20 ölkədən, o cümlədən Azərbaycandan 230 şirkəti bir araya gətirən “TransLogistica Kazakhstan 2026” adlı 29-cu beynəlxalq nəqliyyat-logistika sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, sərgi 14-16 oktyabr tarixlərində EXPO Beynəlxalq Sərgi Mərkəzində keçirilir. Tədbirdə Qazaxıstandan 101 şirkət, xarici ölkələrdən isə 129 müəssisə təmsil olunur.
Sərgidə nəqliyyat-logistika şirkətləri, dəniz limanları administrasiyaları, dəmir yolları və xüsusi iqtisadi zonalar, eləcə də nəqliyyat avadanlıqları istehsalçıları və rəqəmsal logistika həllərinin developerləri iştirak edirlər.
İşgüzar proqram beynəlxalq nəqliyyat marşrutlarının, təchizat zəncirlərinin, anbar logistikasının və yeni texnologiyaların tətbiqinin inkişafına həsr olunub.
Xüsusilə, oktyabrın 14-də “Mərkəzi Asiya: Yeni logistika habı” adlı panel sessiyasının, 3-cü Qazaxıstan “BreakBulk” konfransının, yol nəqliyyatının inkişafı və nəqliyyat əlaqələrinin gücləndirilməsi üzrə regional dialoqun keçirilməsi planlaşdırılır.
Builki sərgidə 36 yeni şirkət iştirak edir.