Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub
Astana, 14 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtında “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisi çərçivəsində Mərkəzi Asiyanın sənaye və enerji sektorları üçün layihə logistikasına həsr olunmuş 3-cü “BreakBulk” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Çin və digər ölkələrdən nümayəndələr iştirak ediblər. İştirakçılar beynəlxalq nəqliyyat marşrutlarının inkişafı, Xəzər dənizi üzərindən böyük və ağır yüklərin daşınması, infrastruktur layihələri və Orta Dəhlizin perspektivləri məsələlərini müzakirə ediblər.
Konfransda çıxış edən Azərbaycanın CASPIA analitik mərkəzinin direktoru və həmtəsisçisi Orxan Yolçuyev bildirib ki, proqnozlara görə, Orta Dəhliz boyunca yük axını 2030-cu ilə qədər üç dəfə arta bilər.
Onun sözlərinə görə, Çin və Mərkəzi Asiyadan daşımaların gözlənilən artımı nəqliyyat marşrutlarının şaxələndirilməsini tələb edir. Belə marşrutlardan biri TRIPP layihəsi ola bilər ki, ekspertin fikrincə, bu, Mərkəzi Asiya, Cənubi Qafqaz və Aralıq dənizindəki Türkiyənin Mersin limanı arasında ən qısa marşrutu yaradacaq.
Ekspert vurğulayıb ki, layihə Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Yaxın Şərq arasında nəqliyyat əlaqələri üçün yeni imkanlar açır. O, Naxçıvanın dəmir yollarını İran dəmir yolu şəbəkəsi ilə birləşdirmək, Təbrizə və Bəndər Abbas limanına çıxışı təmin etmək perspektivini xüsusi qeyd edib.
Orxan Yolçuyev, həmçinin marşrutun gələcəkdə İraqdan keçən “İnkişaf yolu” nəqliyyat layihəsi ilə inteqrasiyasının mümkünlüyünü qeyd edib.
O, yeni nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin Qazaxıstana ixrac imkanlarını genişləndirməyə və ərazisi vasitəsilə tranzit yük axınını artırmağa imkan verəcəyini təxmin edib.
Öz növbəsində, Azərbaycanın AMES MMC şirkətinin baş direktoru Rəşad Şəkərov Xəzər dənizi üzərindən ağır və iriqabaritli yüklərin daşınmasının xüsusiyyətlərindən danışıb.
O qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi gəmilərin az yüklənməsinə və daşıma xərclərinin artmasına səbəb olur. Rəşad Şəkərov 5000 tonluq gəmilərin layihə məhdudiyyətləri səbəbindən təxminən 3500 ton yük daşımaq məcburiyyətində qaldığını nümunə göstərib. Onun sözlərinə görə, gəmi sahibləri yaranan itkiləri kompensasiya etmək üçün yükdaşıma tariflərini artırmağa məcburdurlar.
O, ağır və iriqabaritli yüklərin yerləşdirilməsi üçün liman infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinin vacibliyini vurğulayıb.
Konfransda Çin, Litva və Qazaxıstandan nəqliyyat və logistika şirkətlərinin nümayəndələri də iştirak edirdilər. Proqrama Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub dəhlizi və digər marşrutlar üzrə multimodal daşımalar, eləcə də dəniz nəqliyyatının rolu, logistikanın rəqəmsallaşdırılması və gəmiçilik risklərini azaltmaq üçün süni intellektin istifadəsi müzakirələri daxil idi.