Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili
Bakı, 14 oktyabr, AZƏRTAC
Məktəbli forması yalnız geyim seçimi deyil, həm də təhsil mühitində sosial bərabərliyin qorunması, nizam-intizamın möhkəmləndirilməsi və şagirdlər arasında vahidlik hissinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Vahid forma maddi imkan fərqlərinin geyim vasitəsilə nümayişini azalda və şagirdlər arasında sağlam münasibətlərin formalaşmasına kömək edə bilər. Bununla belə, təhsilin keyfiyyəti və şagird davranışı müəllimlərin peşəkarlığından, ailə-məktəb əməkdaşlığından və sağlam psixoloji mühitdən də asılıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm İsayeva deyib.
Gənc alim bildirib ki, bu mövzuda fikir ayrılıqları emosional qarşıdurmaya deyil, qanunvericiliyə, faktlara və qarşılıqlı hörmətə əsaslanan dialoqa yönəlməlidir. Valideynlər, müəllimlər, məktəb rəhbərləri və ictimaiyyət bu məsələlərə münasibət bildirərkən təsdiqlənməmiş məlumatlara və emosional çağırışlara deyil, hüquqi normalara və uşaqların mənafeyinə əsaslanmalıdırlar. Nəticə etibarilə məktəbli forması bərabərlik və intizamı dəstəkləyən vasitədir. Əsas məqsəd uşaqları geyim və dini fərqlər üzərindən qarşı-qarşıya qoymaq deyil, hər bir şagird üçün təhlükəsiz, keyfiyyətli və ayrı-seçkilikdən uzaq təhsil mühiti yaratmaqdır. Məktəblər qarşıdurma meydanı deyil, bilik, qarşılıqlı hörmət və məsuliyyət məkanı olmalıdır.
Müxbir - Tünzalə Zeyvalıyeva