İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub
Bakı, 14 oktyabr, AZƏRTAC
Çərşənbə günü İndoneziyada baş verən meşə yanğınlarından yayılan tüstünün artması ilə əlaqədar Sinqapurda havanın çirklənmə səviyyəsi bu il ən yüksək həddə çatıb, Şərqi Timorda isə məktəblər bağlanıb.
AZƏRTAC xəbər verir ki, Sinqapurun qərb hissəsində PM2.5 konsentrasiyasının havada saatlıq orta göstəricisi hər kubmetr üçün 284 mikroqrama çatıb. Güclü tüstülənmənin başladığı dövrdən bəri ilk dəfə bu göstərici Milli Ətraf Mühit Agentliyinin müəyyən etdiyi “çox yüksək” səviyyəyə yüksəlib.
“Reuters” agentliyinin yazdığına görə, Şərqi Timor hökuməti oktyabrın 15-dən başlayaraq üç gün müddətində əyani tədrisin dayandırıldığını bəyan edib. Qərarın səbəbi “qonşu regionlarda və ya ölkələrdə baş verən meşə yanğınları nəticəsində yaranmış hissəciklərlə havanın çirklənməsi”dir.
İndoneziya son 11 ilin ən intensiv meşə yanğınları mövsümü ilə mübarizə aparır. El Nino iqlim hadisəsi ilə əlaqəli quraq hava şəraiti yanğınların daha da şiddətlənməsinə səbəb olur. Yanğınlardan yayılan tüstü ölkədə tənəffüs yolları xəstəliklərinin sayının kəskin artmasına və regionda havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxarıb. Nəticədə Malayziyanın bir neçə ştatında da məktəbləri bağlamaq məcburiyyəti yaranıb.
İndoneziya Prezidenti Prabovo Subianto meşə yanğınları ilə mübarizəyə əlavə resursların cəlb edilməsi barədə göstəriş verib. Cakartada yanğınlarla mübarizə üçün 69 mindən çox yanğınsöndürən səfərbər olunub. Sentyabrın ortalarında bu göstərici təxminən 44 min nəfər olub. Yanğınların daha effektiv söndürülməsi məqsədilə xüsusi kimyəvi maddələrdən istifadəni nəzərdə tutan yeni üsullar sınaqdan keçirilir.