Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər
Bakı, 14 oktyabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş “III Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” adlı beynəlxalq elmi simpoziumda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin və I Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunub.
Simpoziumun açılış mərasimində Qırğız Milli Universitetinin rektoru professor Doqdurbek Çontoyev, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı çıxış ediblər. Simpoziumda filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva “Qədim türkcədə qohumluq terminlərinin müasir Azərbaycan və qırğız dillərində leksik-semantik təzahürləri”, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova “Azərbaycan dilində terminoloji tədqiqatlar və çağdaş türk dilləri ilə ortaqlaşma meyilləri” mövzularında məruzələrlə onlayn formatda iştirak ediblər.
Elmi simpoziumda qırğız alimlərlə bərabər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Fransa və başqa ölkələrdən tədqiqatçılar iştirak ediblər. Simpozium çərçivəsində Azərbaycan dilinin tədqiqinin aktual məsələləri, türk xalqlarının ortaq ədəbi irsi və Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə tədrisi məsələləri müzakirə olunub. Yekunda türkologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, gənc alimlərin dəstəklənməsi, eləcə də türk xalqlarının dil, ədəbiyyat və mədəni irsinin birgə öyrənilməsinə dair qərar qəbul edilib. Simpozium Azərbaycan dili və ədəbiyyatının beynəlxalq səviyyədə tədqiqinin təşviqi, elmi əlaqələrin möhkəmləndirilməsi və Türk dünyasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.