ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib
Gəncə, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Dövlət Himni səsləndirilib.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin ölkənin inkişaf prioritetləri və qarşıda duran vəzifələr baxımından əhəmiyyətini vurğulayıb. O, dövlət siyasətinin mahiyyətinin düzgün çatdırılmasının, milli maraqlar ətrafında birliyin möhkəmləndirilməsinin, gənclərin təşəbbüslərinin dəstəklənməsinin və onların dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsinin vacibliyini qeyd edib. Rektor Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafının təmin olunması istiqamətində atılan strateji addımlara da toxunub.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov partiyanın VIII Qurultayında müəyyənləşdirilən istiqamətlərin həyata keçirilməsində yerli təşkilatların, ziyalıların və gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O, dövlət siyasətinin ictimaiyyətə düzgün çatdırılmasının, cəmiyyətlə səmərəli ünsiyyətin qurulmasının və gənclərin ictimai-siyasi fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Universitetlərin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində, milli dəyərlərə bağlılığının gücləndirilməsində və fəal vətəndaş mövqeyinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.
ADAU-nun İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin siyasi və ictimai əhəmiyyətindən, milli maraqların qorunmasının vacibliyindən danışıb.
Qurultayda iştirak edən ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi Türkan Əhmədova isə qurultayda gündəmə gətirilən məsələlər və müəyyənləşdirilən strateji prioritetlərlə bağlı fikirlərini bölüşüb.
Müxbir - Elcan Məmmədov