NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.
Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin Əməliyyat İmkanları Konsepsiyası üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.