Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan tarix boyu müxtəlif siyasi, dini, mədəni və ideoloji təsirlərin kəsişdiyi coğrafi məkanda yerləşib. Ölkənin Şərqlə Qərb arasında mövqeyi, Rusiya, İran və Türkiyə ilə tarixi əlaqələri, zəngin enerji ehtiyatları və geosiyasi əhəmiyyəti Azərbaycana yönələn ideoloji təsirlərin formalaşmasında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, ideoloji təsir dedikdə, bir dövlətin, siyasi qüvvənin və ya dini qurumun cəmiyyətin düşüncəsinə, dəyərlərinə, siyasi seçimlərinə və davranışlarına təsir göstərməsi nəzərdə tutulur. Bu təsirlər təhsil, media, din, mədəniyyət, siyasi təbliğat, sosial şəbəkələr və iqtisadi münasibətlər vasitəsilə həyata keçirilir.
Azərbaycana yönələn ideoloji təsirlərin səbəblərini anlamaq üçün ölkənin tarixi inkişafına nəzər salmaq lazımdır. Müxtəlif dövrlərdə siyasi hakimiyyətin dəyişməsi, imperiyalar arasındakı rəqabət və milli kimlik uğrunda mübarizə cəmiyyətin ideoloji həyatına təsirsiz ötüşməyib. XIX əsrdə Azərbaycanın şimal hissəsinin Rusiya imperiyasının hakimiyyəti altına keçməsi, daha sonra isə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulması ölkənin siyasi və ideoloji inkişafında mühüm dönüş nöqtələri olub.
Sovet dövründə marksizm-leninizm dövlətin rəsmi ideologiyasına çevrilib, təhsil, mətbuat və ictimai həyat bu ideoloji sistemin təsiri altında fəaliyyət göstərib.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından ideoloji boşluq yaranmışdı. Həmin dövrdə hakimiyyətə gələn qüvvələr səriştəsizlik ucbatından ideoloji məsələləri arxa plana keçirdilər. Bu isə Azərbaycanın sərvətlərindən və coğrafi mövqeyindən istifadə edərək xalqın deyil, özlərinin iqtisadi və geosiyasi maraqlarını güdən qüvvələrə geniş meydan verdi. Müxtəlif radikal dini və siyasi cərəyanlar ölkəyə nüfuz edərək öz ideoloji prinsiplərini yaymağa başladılar. Həmin dövrdə Azərbaycanın xaosa sürüklənməsi də təsadüfi deyildi.
Lakin 1992-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Yeni Azərbaycan Partiyasını (YAP) yaradarkən ideoloji sahəyə ciddi diqqət yetirdi. Ulu Öndər Heydər Əliyev dahi siyasi və dövlət xadimi kimi ideoloji əsası olmayan cəmiyyətin gələcəyinin qaranlıq olacağını yaxşı bilirdi. Buna görə də YAP müstəqil dövlətçilik, azərbaycançılıq, qanunçuluq, vətənpərvərlik, varislik və yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət kimi ideoloji prinsiplər üzərində quruldu. Məhz bu prinsiplərin əsas götürülməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövləti inkişaf edərək dünya siyasətinin fəal aktorlarından birinə çevrilib.
Azərbaycan inkişaf etdikcə, dünya siyasətinə və iqtisadi proseslərə inteqrasiya olunduqca, ölkənin mövqeyini zəiflətməyə, sərvətlərinə sahib çıxmağa və regionda dominant siyasət yürütməyə çalışan qüvvələr müxtəlif istiqamətlərdən Azərbaycana ideoloji təzyiqlər göstərməyə başladılar.
Qərbdən demokratiya, şimaldan “kiçik xalq” yanaşması, cənubdan isə radikal dini ideologiyalar Azərbaycana nüfuz etməyə başladı. Nə demokratlar, nə dindarlar, nə də digər qüvvələr xalqımızın milli-mənəvi dəyərlərini, dünyagörüşünü və məişət adət-ənənələrini nəzərə alır, öz ideoloji xətlərini yeritməyə və necə deyərlər, “bulanıq suda balıq tutmağa” çalışırdılar. Əlbəttə, bütün bunlar xalqımızı minillik etiqadından döndərə bilmədi. Azərbaycan xalqı dövlətə və dövlətçilik ideologiyasına bağlılığı ilə seçilir. Məhz bu bağlılığın nəticəsi idi ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğal altında olan Qarabağı azad etdi. Bu fakt dünya mətbuatında geniş işıqlandırıldı və Azərbaycan xalqının dövlətə bağlılığı nümunə kimi göstərilir.
Bu gün qız uşaqlarının başlarını bağlayaraq məktəbə göndərilməsinin onların ismətindən irəli gələn məsələ olmadığını iddia edənlər də var. Xarici ideoloji təsirlərə məruz qalanlar anlamırlar ki, din və əxlaq yalnız baş örtüyü ilə ölçülmür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, xarici dini qüvvələr dini mahiyyətini belə dərk etməyən uşaqların başlarını bağlatdırmaqla onların Allaha inamını təmin etmirlər. Həmin qüvvələr gələcəkdə özləri üçün sosial baza formalaşdırmağa çalışırlar. Bu sosial bazadan istifadə edərək ölkədə qarışıqlıq yaratmaq, sərvətlərə sahib çıxmaq istəyən qüvvələr insanları öz məqsədləri naminə istismar edə bilərlər. Gənclərin radikal dini cərəyanlara cəlb olunmasının əsas məqsədlərindən biri də budur. Bu məqsədlə verilən fətvalar hər hansı siyasi və ya dövlət xadiminin deyil, Allahın adından təqdim edilir ki, onlara müqəddəs xarakter verilsin, insanlarda qorxu yaradılsın və onlar verilən tapşırıqları yerinə yetirməyə sövq edilsinlər.
Tanınmış şərqşünas, tarix elmləri doktoru Leonid Medvedko “Allahın adı ilə... Siyasətin islamlaşması, İslamın siyasiləşməsi” kitabında yazırdı: “Müxtəlif terrorçu qruplaşmalar İslam dinini bayraq edərək Allahın adı ilə minlərlə insanı qətlə yetirərək cinayətlər törədiblər. Bu insanların hamısı törətdikləri cinayətlərin ədalətli olduğuna inanırdılar... Onlar kimdir — Allahın yolu ilə gedənlər, yoxsa terrorçular?”
Azərbaycan cəmiyyəti bu suala cavab verəcək intellektual potensiala malikdir.
Radikal dini cərəyanların Suriyada və Əfqanıstanda törətdikləri cinayətləri hamı gördü. Diqqətçəkən məqam budur ki, bütün bunlar məhz Allahın adı ilə törədilirdi. Bu hadisələrdən nəticə çıxarmaq lazımdır. Bu gün Azərbaycanda din azaddır və hər kəs istədiyi dinə etiqad edə, dini ayinlərini yerinə yetirə bilər. Din dövlətdən ayrıdır. Lakin radikal dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbuledilməzdir. Belə hallarda dövlət öz mövqeyini qətiyyətlə ortaya qoymalıdır.
Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, ideoloji sahədə fəaliyyət dövlətin əsas vəzifələrindən biridir. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı zamanı vurğuladığı kimi:
“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.