Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 14 oktyabr, AZƏRTAC
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində Azərbaycan və Pakistanın 60-dan çox qadın sahibkarını, işgüzar dairələrin, dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələrini bir araya gətirən “SHE RISES Baku 2026” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əməkdaşlığın perspektivlərini müzakirə edib, təcrübə mübadiləsi aparıb və biznesin inkişafı üçün yeni imkanları nəzərdən keçiriblər.
Liderlik, süni intellekt və rəqəmsal transformasiya, inklüziv inkişaf, qadın sahibkarlığı və işgüzar fəaliyyətin yeni istiqamətləri konfransın əsas müzakirə mövzuları olub.
Tədbirin əsas məqamlarından biri “FEMMES DIGITALES - Supporting Women in TECH”, “SheMatters Pakistan” və “Azerbaijan Business Women” təşkilatları arasında Anlaşma Memorandumunun imzalanması olub. Sənəd təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də qadınların sahibkarlıq və texnologiya sektorunda imkanlarının genişləndirilməsinə yönəlib.
Konfransın keçirilməsi Azərbaycan ilə Pakistan arasında bilik və təcrübə mübadiləsi, işgüzar əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması üçün platforma rolunu oynayıb.
ASAN İnnovativ İnkişaf Mərkəzində qeyd ediblər ki, innovasiya ekosisteminin inkişafı əməkdaşlığın genişləndirilməsini, inklüzivliyin dəstəklənməsini, habelə peşəkar və sahibkarlıq potensialının reallaşdırılması üçün bərabər imkanların təmin edilməsini nəzərdə tutur.
Müxbir – Pərvanə Qafarova