Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar
Bakı, 14 oktyabr, AZƏRTAC
Stanford Universitetinin tədqiqatçısı John P. A. Ioannidis tərəfindən hazırlanan və beynəlxalq elmi ictimaiyyətdə “Top 2% Scientists” adı ilə tanınan məlumat bazasının yeni versiyası elmi istinad göstəricilərini əhatə edir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Geologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, Azərbaycan alimləri beynəlxalq elmi nüfuz göstəricilərinə görə dünyanın ən nüfuzlu alimlərinin yer aldığı “Top 2% Scientists” siyahısına daxil ediliblər.
“Elsevier Data Repository” platformasında dünya alimlərinin elmi fəaliyyətinin bibliometrik göstəricilərinə əsaslanan “Updated science-wide author databases of standardized citation indicators” məlumat bazasının növbəti yenilənmiş versiyası dərc olunub. Alimlərin elmi nəşrlərinə istinadlar, h-indeksi, həmmüəlliflik xüsusiyyətləri və digər bibliometrik meyarlar əsasında formalaşdırılan siyahıda əvvəlki illərdə olduğu kimi, Azərbaycan alimləri də yer alıblar.
Onların sırasında Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun direktoru, texnika elmləri doktoru Elçin Vəliyev də var. Onun siyahıdakı mövqeyi elmi fəaliyyəti boyunca formalaşmış bibliometrik göstəricilərinə əsaslanır. Azərbaycan alimlərinin beynəlxalq elmi məlumat bazalarında davamlı təmsil olunması ölkəmizdə aparılan tədqiqatların beynəlxalq elmi mühitdə tanınması və elmi nəticələrin təsiri baxımından əhəmiyyətlidir.