Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir
Naftalan, 14 oktyabr, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqinin siyasi-strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, çıxış həm keçmişə nəzər salır, həm də gələcək inkişafın istiqamətlərini müəyyənləşdirir, milli təhlükəsizlik və inkişaf strategiyasının əsas konturlarını, qarşıda duran prioritet vəzifələri ortaya qoyur.
Qeyd olunub ki, Azərbaycan 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətindən, məcburi köçkünlük problemlərindən, müharibə və siyasi qeyri-sabitlik şəraitindən fərqli olaraq, bu gün geniş iqtisadi imkanlara, güclü orduya və yüksək beynəlxalq nüfuza malik dövlətdir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdəndir.
Digər çıxış edənlər YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin ölkənin qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini bildiriblər. Vurğulanıb ki, əldə olunan Zəfərin nəticələrini qorumaqla yanaşı, güclü iqtisadiyyatın, yüksək texnologiyaların, müasir təhsilin, informasiya təhlükəsizliyinin və milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətin inkişafı qarşıda duran əsas hədəflərdəndir.
Müxbir - Elcan Məmmədov