Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanda sement sənayesinin inkişafı, karbon emissiyalarının azaldılması, eləcə də ekoloji cəhətdən təmiz və dayanıqlı tikinti materiallarının istehsalı ölkə iqtisadiyyatının əsas prioritetlərindəndir. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi və yaşıl enerji həllərinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Norm” ASC-nin baş icraçı direktoru Henning Sasse Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Ekoloji cəhətdən təmiz tikinti materialları və enerjiyə qənaət edən həllər” mövzusundakı innovasiya sessiyasında deyib.
O bildirib ki, COP29 çərçivəsində ölkənin sement sənayesi üzrə nümayəndələri bir araya gələrək “Net Zero Accelerator” təşəbbüsünü irəli sürüb.
“Bu təşəbbüs sənayenin 2050-ci ilə qədər karbon emissiyalarını sıfra endirməsini, eləcə də yerli səviyyədə istixana qazı tullantılarının təxminən 7-8 faiz azaldılmasını hədəfləyir. Şirkət olaraq tikinti və mənzil sektorunda enerji səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq olunur. Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi, eləcə də çınqıl və digər tikinti aqreqatlarının ekoloji cəhətdən səmərəli şəkildə istehsalı vacibdir”, - deyə o qeyd edib.