Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır
Bakı, 14 oktyabr, AZƏRTAC
Vahid məktəbli geyim qaydalarına riayət olunması hərtərəfli düşünülmüş, zamanın tələblərinə uyğun və düzgün qərardır. Hesab edirəm ki, belə bir qərarın qəbul edilməsinə çoxdan ehtiyac var idi.
Bunu AZƏRTAC-a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif etnik qrupların, fərqli dini inanclara və milli-mədəni ənənələrə malik insanların birgə yaşadığı, multikultural dəyərlərlə zəngin ölkədir. Burada hər kəsin öz düşüncəsinə, dini etiqadına, milli adət-ənənələrinə riayət etmək azadlığı var. Lakin təhsil müəssisələrində bu azadlıqlar müəyyən qayda və normalar çərçivəsində tənzimlənməlidir.
“Məktəb dini məbəd deyil. Məktəb elm, təhsil və maarif ocağıdır, insanlara bilik və işıq bəxş edən müqəddəs məkandır. Azərbaycanda yaşayan hər bir insanın öz dini baxışları, inancları və milli ənənələri ola bilər. Lakin bu, o demək deyil ki, hər kəs öz dini baxışlarını, məzhəb və ya təriqətinə xas xüsusiyyətləri məktəb mühitinə gətirməlidir. Cəmiyyətdə mövcud olan geniş azadlıqlar təhsil müəssisələrinin daxilində müəyyən edilmiş qayda və prinsiplərə uyğun həyata keçirilməlidir”, – deyə Baba Vəziroğlu vurğulayıb.
O qeyd edib ki, ölkəmizdə müxtəlif etnik və dini mənsubiyyətə malik insanların yaşaması Azərbaycanın zənginliyidir. Bununla belə, məktəb bütün şagirdlər üçün vahid təhsil mühitini təmin etməli, burada əsas diqqət bilik və tərbiyəyə yönəldilməlidir.