Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
\Bakı, 14 oktyabr, AZƏRTAC
Bu gün önəmli olan Azərbaycanın hansı təhsil və dövlətçilik modelini qorumasıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva deyib.
“Mən vətəndaş olaraq Azərbaycanın dünyəvi dövlət modelini və qanuni təhsil siyasətini dəstəkləyirəm. Çünki məktəb dini və siyasi qrupların təsir meydanı deyil. Məktəb şagirdə elm, bilik, düşünmək və öz qərarlarını şüurlu şəkildə vermək bacarığı qazandırmalıdır. Bunun üçün də hamı üçün aydın qaydalar olmalı və onlar qanunauyğun formada tətbiq edilməlidir. Dünyəvilik dinə qarşı olmaq deyil. Bu, dövlət məktəbinin fəaliyyətini şəxsi dini seçimlərdən asılı etməmək, təhsil sisteminin ümumi prinsiplərini qorumaq deməkdir. Azərbaycanın maarifçilik tarixi də bu yolun təsadüfi seçim olmadığını göstərir. Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə qızlar məktəbi açması, Mirzə Cəlilin cəhalətə qarşı mübarizəsi xalqımızın elmə və tərəqqiyə verdiyi dəyərin nümunələridir”, - deyə o vurğulayıb.
Sona Əliyeva bildirib ki, dövlətin milli maraqları və təhsil sisteminin müstəqilliyi qorunmalıdır. Ən həssas məsələ isə uşaqlardır.
“Ailələrin övladlarına olan sevgisindən və narahatlığından istifadə edərək, uşaqları ideoloji qarşıdurmanın vasitəsinə çevirmək yolverilməzdir. Din adı altında uşaqları radikal düşüncəyə yönəltmək, onları elmi bilikdən və sərbəst düşüncədən uzaqlaşdırmaq təhlükəsi də ciddi qəbul edilməlidir. İnamla radikalizm eyni deyil, eləcə də milli-mənəvi dəyərlər cəhalətlə bir tutulmamalıdır. Uşaqlarımıza nə düşünməli olduqlarını diktə etməkdənsə, necə düşünməyi öyrətməliyik. Çünki savadlı, sual verən və məlumatı təhlil edə bilən gənci manipulyasiya etmək daha çətindir. Güclü dövlətin əsas dayaqlarından biri də məhz belə vətəndaşlardır. Dövlətin qətiyyətli olması vacibdir, amma qətiyyət qanunun dəqiq və ədalətli tətbiqi ilə ölçülür. Dövlətin qanuni qərarları icra edilməli, uşaqların gələcəyi isə hər cür siyasi və dini manipulyasiyadan müdafiə olunmalıdır. Çünki bu gün məktəbdə qoruduğumuz yalnız qayda deyil, sabah ölkəmizin taleyini müəyyənləşdirəcək düşüncə tərzidir”, - deyə Əməkdar müəllim qeyd edib.