Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası
Bakı, 14 oktyabr, AZƏRTAC
Müasir Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın təmin edilməsi və dünyəvi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi ictimai həmrəyliyin və davamlı inkişafın əsas şərtlərindəndir. Bu məsələlər hüquqi mədəniyyətin inkişafı, vətəndaş məsuliyyəti və milli kimliyin qorunması ilə sıx bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri dosent Mətanət Abbasova bildirib.
Onun sözlərinə görə, qloballaşma və rəqəmsal informasiya mühitinin genişlənməsi şəraitində müxtəlif dini, siyasi və ideoloji təsirlər ictimai münasibətlərə də təsir göstərir. Belə bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığına hörmət və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tarixi-mədəni inkişafında müxtəlif dini konfessiyaların və etnik qrupların birgəyaşayış ənənəsi mühüm yer tutur. Ölkədə formalaşmış multikultural mühit, dini bayramların qeyd olunması, ibadət məkanlarının qorunması və fərqli inanclara hörmət cəmiyyətin mənəvi sərvətlərindəndir. Dünyəvi dövlət modelinin əsas xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin hüquqi prinsiplər əsasında həyata keçirilməsi, vətəndaşların dini mənsubiyyətindən asılı olmayaraq hüquqlarının qorunmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olması, vicdan azadlığı və vətəndaşların qanun qarşısında bərabərliyi təsbit edilib. Bu hüquqi çərçivə dövlət-din münasibətlərinin tənzimlənməsində, dini ayrı-seçkiliyin qarşısının alınmasında və müxtəlif konfessiyaların dinc yanaşı yaşamasında mühüm rol oynayır. Dünyəviliyin dini dəyərlərin cəmiyyətin həyatından kənarlaşdırılması kimi deyil, dövlətin bütün vətəndaşlara bərabər münasibət göstərməsinin və fərqli inancların hüquqi təminatının əsası kimi qiymətləndirilməli olduğunu vurğulayan alim dini etiqad azadlığı ilə ictimai məsuliyyət, fərdi hüquqlarla ümumi hüquqi normalar arasında tarazlığın qorunmasını hüquqi dövlətin mühüm şərtlərindən biri hesab edib.
Mətanət Abbasova diqqətə çatdırıb ki, Ramazan və Qurban bayramları Azərbaycan cəmiyyətinin dini-mənəvi həyatında xüsusi yer tutur. Bu bayramlarda məscidlərdə ibadət edilməsi, ailələrin bir araya gəlməsi, ehtiyacı olan insanlara yardım göstərilməsi mərhəmət, paylaşmaq, insan ləyaqətinə hörmət və sosial həmrəylik kimi ümumbəşəri dəyərləri təcəssüm etdirir.
Alim təhsil müəssisələrində hüquqi mədəniyyətin və ictimai məsuliyyətin formalaşdırılmasının da əhəmiyyətini vurğulayıb. Bildirib ki, məktəblər yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, həm də vətəndaşlıq şüurunun və hüquqi düşüncənin inkişaf etdiyi sosial institutlardır. Məktəbdə qəbul edilən geyim və daxili nizam-intizam qaydaları tədris prosesinin təşkili, ümumi tələblərin müəyyənləşdirilməsi və şagirdlərdə məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Alim sonda qeyd edib ki, dini etiqad azadlığı, tolerantlıq, dünyəvi dövlətçilik və milli-mənəvi dəyərlər müasir Azərbaycan cəmiyyətinin ictimai-siyasi və mədəni inkişafında bir-birini tamamlayan amillərdir. Milli dövlətçiliyin gücləndirilməsi ilə dini tolerantlığın və vətəndaş hüquqlarının qorunması qarşı-qarşıya qoyulmamalıdır. Hüquqi dövlət, məsuliyyətli vətəndaşlıq, milli-mənəvi dəyərlərə sədaqət və qarşılıqlı hörmət əsasında qurulan ictimai münasibətlər Azərbaycanın davamlı inkişafının və milli həmrəyliyinin mühüm təminatıdır.
Müxbir – Tünzalə Arazlı