AzTU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı altında “Türk Dünyası Gənclər Görüşü” keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib. Bildirilib ki, tədbirdə Türk dünyasının müxtəlif bölgələrindən alimlər, səfirlər, media nümayəndələri və 400-dən çox universitet tələbəsi iştirak edib. Görüşün məqsədi ortaq tarix, dil, mədəniyyət və sivilizasiya irsinin qorunması, türk dövlətləri və qohum xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də ortaq gələcəyin formalaşdırılmasında gənclərin rolunun artırılması olub.
Proqram çərçivəsində Türk dünyasının gələcəyi, gənclər arasında əməkdaşlığın genişləndirilməsi, diplomatiya, ortaq tarixi yaddaş və rəqəmsal müstəvidə qarşılıqlı əlaqələrin inkişafı mövzularında panellər və sessiyalar təşkil olunub. İştirakçılar fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin müxtəlif mədəni və sosial tədbirlər keçirilib.
Üç gün davam edən görüş çərçivəsində türkdilli xalqların, o cümlədən Azərbaycanın milli geyimləri və milli mətbəx nümunələri də təqdim olunub.
Tədbirdə AzTU-nu İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri İnarə Quliyeva və Dünya İsmayılova təmsil ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.