Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun növbəti görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin, nazirliyin müvafiq qurumlarının və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.
İşçi Qrupunun sədri, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Tədbirlər Planında nəzərdə tutulan məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması tədbiri ilə bağlı İşçi Qrupunun üzvlərinin rəy və təklifləri toplanılıb. Həmin təkliflər əsasında cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsinə dair ilkin layihə hazırlanıb.
Görüşdə layihə iştirakçılara təqdim olunub, sənədin məzmunu və tətbiqi imkanları nəzərdən keçirilib. Eyni zamanda, layihənin təkmilləşdirilməsi və növbəti mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, 2025-2030-cu illər üçün Fəaliyyət Planı çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi və uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanması nəzərdə tutulur.