Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində elan edilmiş “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsi, “Zərifə xanım Əliyeva – elmə, insanlığa, Vətənə xidmət nümunəsi” mövzusunda müsabiqə, eləcə də “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda rəsm və dekorativ-tətbiqi sənət üzrə yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Naxçıvan saray”nda keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Komitə sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması tarixi-mədəni irsin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin yaradıcı təfəkkürünün və vətənpərvərlik hisslərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, komitə tərəfindən təşkil olunan müsabiqələrin gənclərin istedad və bacarıqlarının üzə çıxarılmasına, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Müsabiqələrin nəticələri barədə məlumat verən Komitə sədri bildirib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən XIII Muxtar Respublika Yazı, Dekorativ-Tətbiqi Sənət və Rəsm Müsabiqəsinə yazı nominasiyası üzrə 61 esse, rəsm nominasiyası üzrə 50 rəsm əsəri, dekorativ-tətbiqi sənət nominasiyası üzrə isə 28 əl işi olmaqla, ümumilikdə 139 iş təqdim olunub. “Zərifə xanım Əliyeva – elmə, insanlığa, Vətənə xidmət nümunəsi” mövzusunda keçirilən müsabiqəyə 277 esse, “Naxçıvan gələcəyin memarlarının rəngli dünyasında” mövzusunda keçirilən müsabiqəyə isə 65 rəsm əsəri və 40 dekorativ-tətbiqi sənət nümunəsi olmaqla, ümumilikdə 105 əl işi təqdim edilib. Beləliklə, cari il ərzində keçirilən müsabiqələrə ümumilikdə 521 iş təqdim olunub.
Milli Məclisin deputatı, Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxışında bu cür yaradıcılıq müsabiqələrinin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, müsabiqələrin iştirakçılara öz bacarıqlarını nümayiş etdirmək, milli-mənəvi dəyərlərimizi yaradıcılıq vasitəsilə ifadə etmək imkanı yaratdığını vurğulayıb.
Ülviyyə Həmzəyeva qeyd edib ki, bu cür təşəbbüslər gənc nəslin incəsənətə marağının artırılmasına, milli mədəniyyətimizin və tarixi irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Müsabiqənin qaliblərindən Babək rayon Vayxır kənd tam orta məktəbinin Uşaq Birliyi Təşkilatının rəhbəri Şəhla Vəliyeva da çıxış edərək müsabiqənin onun üçün ruh yüksəkliyi və stimul olduğunu vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra cari il ərzində komitə tərəfindən elan edilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimində I, II və III yerlərin, eləcə də həvəsləndirici nominasiyaların qalibləri olmaqla, ümumilikdə 55 nəfər mükafatlandırılıb.
Sonda müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Müxbir- Nail Əsgərov