Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL
Nəsillər: X-dən Alfa-yadək - Nəsillərin maliyyə təhlükəsizliyi anlayışı necə dəyişir?
Bakı, 14 oktyabr, AZƏRTAC
Maliyyə təhlükəsizliyi hər kəs üçün eyni məna daşıyırmı? Bəziləri üçün bu, gözlənilməz vəziyyətlərdə istifadə ediləcək ehtiyat vəsaitinin, sabit gəlirin və borcsuz həyatın olmasıdır. Digərləri üçün isə maliyyə müstəqilliyi, investisiya imkanları və həyat seçimlərində sərbəstlik daha böyük əhəmiyyət daşıyır. Nəsillər arasında pula münasibətdə müşahidə olunan fərqlər təkcə iqtisadi şəraitlə deyil, həm də həyat təcrübəsi, ailə dəyərləri, sosial mühit və psixoloji amillərlə bağlıdır.
Bəs yaşlı və gənc nəsillər maliyyə təhlükəsizliyini necə başa düşürlər? Pul insanın özünü güvəndə hiss etməsinə necə təsir göstərir və maddi imkanlarla psixoloji rahatlıq arasında hansı əlaqə var?
AZƏRTAC-ın “Nəsillər: X-dən Alfa-yadək” rubrikasının bu buraxılışında maliyyə təhlükəsizliyinə fərqli nəsillərin münasibətini, pula dair qərarların arxasında dayanan iqtisadi və psixoloji amilləri mütəxəssislərin fikirləri əsasında araşdırırıq.
Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə maarifləndirilməsi və peşəkar inkişaf departamentinin rəhbəri İlahə Tahirli-Baxışova müxtəlif nəsillərin maliyyə təhlükəsizliyini fərqli şəkildə dəyərləndirdiyini bildirir:
“Gənc nəsillər üçün isə maliyyə təhlükəsizliyi yalnız yığımın mövcudluğu ilə məhdudlaşmır. Onlar üçün gəlirlərin diversifikasiyası, investisiya imkanları, maliyyə xidmətlərinə sürətli çıxış və dəyişən iqtisadi şəraitə uyğunlaşmaq bacarığı da vacibdir. Başqa sözlə, yaşlı nəsillər maliyyə təhlükəsizliyini daha çox vəsaiti qorumaqla, gənc nəsillər isə həm qorumaq, həm də artırmaq imkanı ilə əlaqələndirirlər.
Bununla belə, bütün nəsillər üçün maliyyə təhlükəsizliyinin əsasını sabit gəlir, düzgün maliyyə planlaması və gələcəyə hazırlıq təşkil edir”, - deyə İlahə Tahirli-Baxışova əlavə edib.

Maliyyə təhlükəsizliyinin iqtisadi tərəfi ilə yanaşı, onun psixoloji aspekti də diqqət çəkir. Eyni gəlir səviyyəsinə malik iki insanın maddi vəziyyətini fərqli qiymətləndirməsi, birinin özünü güvəndə hiss etdiyi halda digərinin gələcəklə bağlı narahatlıq yaşaması pulun insanın daxili dünyasında müxtəlif funksiyalar daşıdığını göstərir.
Psixoterapevt, klinik psixoloq İlkin Kazımlı AZƏRTAC-a açıqlamasında maliyyə təhlükəsizliyinin psixoloji əsaslarının bütün nəsillər üçün oxşar olduğunu, lakin bu təhlükəsizliyin mənbəyinin dəyişdiyini bildirib.
“Mənim müşahidələrimə əsasən, maliyyə təhlükəsizliyi anlayışı müxtəlif nəsillər üçün fərqli məna daşısa da, onun psixoloji təməlində eyni ehtiyac dayanır: özünü güvəndə hiss etmək, gələcəklə bağlı qeyri-müəyyənliyi azaltmaq və həyatına nəzarət edə bildiyini düşünmək.
Sadəcə bu güvənin nədən qaynaqlandığı nəsillərə görə dəyişir.
Əvvəlki nəsillər üçün maliyyə təhlükəsizliyi daha çox sabit iş, ev sahibi olmaq, ailəni təmin etmək və çətin günlər üçün müəyyən ehtiyatın olması ilə əlaqələndirilirdi. Çünki onların həyat təcrübəsində sabitlik, davamlılıq və sahib olduqlarını qorumaq xüsusi əhəmiyyət daşıyırdı. Pul təkcə maddi imkan deyil, həm də ailə qarşısında məsuliyyətini yerinə yetirməyin, etibarlı insan olmağın göstəricisi kimi qəbul edilirdi.
Bu nəsildə bəzən belə bir daxili inanca rast gəlirik: “Əgər ailəmi təmin edə bilirəmsə, deməli, yaxşı valideynəm, yaxşı həyat yoldaşıyam, dəyərli insanam”. Burada maliyyə vəziyyəti ilə şəxsi dəyər arasında müəyyən emosional bağ yaranır. İnsan maddi imkanları azaldıqda yalnız iqtisadi çətinlik yaşamır, eyni zamanda özünü uğursuz, gücsüz və ya başqalarının gözündə dəyərini itirmiş hiss edə bilər”, - deyə İlkin Kazımlı əlavə edib.

Psixoterapevtin sözlərinə görə, daha gənc nəsillərdə isə maliyyə təhlükəsizliyi anlayışı müəyyən qədər fərqlənir: “Onlar üçün yaxşı gəlir əldə etməklə yanaşı, sərbəst seçim etmək, sevmədiyi işdə qalmağa məcbur olmamaq, istədiyi həyat tərzini qurmaq və psixoloji rahatlığını qorumaq da əhəmiyyətlidir. Yəni pul onlar üçün yalnız sahib olmaq deyil, həm də seçim imkanına malik olmaq deməkdir.
Lakin burada maraqlı bir ziddiyyət var. Gənclərin imkanları və seçimləri artdıqca, özlərini başqaları ilə müqayisə etmək üçün də daha çox səbəb yaranır.
Sosial şəbəkələrdə insanların gəlirlərini, evlərini, səyahətlərini və həyat tərzlərini görmək bəzən insanda öz həyatının geridə qaldığı hissini yaradır. İnsan artıq yalnız ehtiyaclarını ödəmək üçün deyil, müəyyən həyat standartlarına çatdığını özünə və başqalarına sübut etmək üçün də pul qazanmağa çalışa bilər.
Bu zaman maliyyə təhlükəsizliyi real ehtiyac olmaqdan çıxaraq, özünü təsdiqləmək vasitəsinə çevrilə bilir.
Psixoterapevtik baxımdan mənim üçün əsas sual insanın nə qədər pula sahib olması deyil, pulun onun psixoloji dünyasında hansı funksiyanı yerinə yetirməsidir.
Məsələn, iki insanın eyni gəliri ola bilər. Onlardan biri özünü kifayət qədər güvəndə hiss edər, digəri isə daim nəyinsə baş verəcəyindən, pulunu itirəcəyindən və gələcəkdə çətin vəziyyətdə qalacağından qorxar. Bu fərq yalnız maddi vəziyyətlə izah olunmur. İnsanın uşaqlıq təcrübəsi, ailəsində pulla bağlı yaşanan hadisələr, valideynlərinin maliyyə davranışları və qeyri-müəyyənliyə dözümlülüyü də burada rol oynaya bilər”, - deyə İlkin Kazımlı vurğulayıb.
Mütəxəssis diqqətə çatdırıb ki, əgər insan uşaqlıqda maddi çatışmazlıq, ailədaxili münaqişələr və ya gələcəklə bağlı davamlı qorxu mühitində böyüyübsə, yetkinlik dövründə maddi vəziyyəti yaxşılaşsa belə, özünü tam güvəndə hiss etməkdə çətinlik çəkə bilər. O, pul yığsa da, xərcləməkdən qorxa, hər zaman ən pis ssenarini düşünə və sahib olduğu imkanlardan zövq almaya bilər.
“Digər tərəfdən, bəzi insanlar emosional boşluqlarını, dəyərsizlik hisslərini və ya daxili narahatlıqlarını alış-veriş etməklə kompensasiya etməyə çalışırlar. Onlar üçün nəsə almaq qısamüddətli rahatlıq, özünü mükafatlandırmaq və ya nəzarət hissini bərpa etmək vasitəsinə çevrilir. Ancaq bu rahatlıq çox vaxt davamlı olmur və insan yenidən eyni emosional ehtiyaca qayıdır.
Ona görə də maliyyə davranışını yalnız qənaətcillik və ya israfçılıq kimi qiymətləndirmək düzgün deyil. Bəzən həddindən artıq qənaət qorxunun, bəzən impulsiv xərcləmə emosional tənzimləmə çətinliyinin, bəzən də davamlı olaraq daha çox qazanmaq istəyi insanın özünü təhlükəsiz hiss etmək ehtiyacının ifadəsi ola bilər. Əlbəttə, hər bir belə davranışın arxasında mütləq psixoloji problem dayanmır. Əsas məsələ davranışın insanın həyatına necə təsir etməsidir”, - deyə psixoterapevt bildirib.
Qlobal tendensiyalar nə göstərir?
Maliyyə təhlükəsizliyinə münasibətin nəsillər üzrə fərqləndiyini göstərən beynəlxalq məlumatlar da mövcuddur. “Deloitte” şirkətinin 2026-cı il Qlobal Z nəsli və Millenniallar sorğusuna əsasən, Z nəslinin 53 faizi, millennialların isə 45 faizi növbəti bir ildə şəxsi maliyyə vəziyyətlərinin yaxşılaşacağını gözləyir.
Bununla yanaşı, sorğu bu nəsillərin karyera inkişafı ilə yanaşı, sabitliyə, bacarıqların artırılmasına və rifaha üstünlük verdiyini göstərir.
Beynəlxalq araşdırmalara əsasən, Z nəslinin nümayəndələri maliyyə ehtiyatı yaratmağa çalışsalar da, onların maliyyə təhlükəsizliyi ilə bağlı gözləntiləri və narahatlıqları qalmaqdadır.
“NielsenIQ” (NIQ) şirkətinin “World Data Lab” ilə birgə hazırladığı hesabatda isə Z nəslinin qlobal xərcləmə gücünün 2030-cu ilədək 12 trilyon dollara çatacağı proqnozlaşdırılır.

“Santander Bank”ın 2025-ci ildə ABŞ-də keçirdiyi sorğuya əsasən, Z nəslinin 58 faizi həmin ilin əvvəlindən yığımlarını artırıb, 69 faizi isə daha çox pul toplamaq üçün bəzi xərclərini azaltmalı olub.
Böyük Britaniyada “HSBC UK” və “Young Enterprise” tərəfindən aparılan araşdırma isə Z nəslinin 42 faizinin aktiv şəkildə pul yığdığını, eyni zamanda yalnız 42 faizinin özünü maliyyə baxımından güvəndə hiss etdiyini göstərib. Müqayisə üçün, bütün yaş qrupları üzrə maliyyə təhlükəsizliyi hissi 54 faiz təşkil edib. Bu nəticələr pul yığmaqla maliyyə baxımından güvəndə hiss etməyin eyni anlayış olmadığını göstərir.

Bu nəticələr gənclərin maliyyə gələcəyinə dair gözləntilərinin yalnız daha çox qazanc əldə etməklə deyil, davamlı və idarəolunan həyat qurmaqla da əlaqəli olduğunu göstərir.
Beləliklə, maliyyə təhlükəsizliyi anlayışı nəsillər dəyişdikcə yeni məzmun qazanır. Lakin sabit gəlir, gələcək üçün plan qurmaq və gözlənilməz vəziyyətlərə hazır olmaq ehtiyacı aktuallığını qoruyur. Maliyyə rifahı yalnız insanın nə qədər vəsaitə sahib olması ilə deyil, həmin vəsaiti idarə etmək bacarığı və onun yaratdığı imkanlardan nə dərəcədə rahat istifadə edə bilməsi ilə də bağlıdır.
Müəllif – Pərvanə Qafarova