Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
AZƏRTAC “Nuz.uz” nəşrinə istinadla xəbər verir ki, sənədə əsasən, uşaqlara qarşı zorakılığa görə məsuliyyət təhsil müəssisələrinin əməkdaşları və ailə üzvləri də daxil olmaqla, təqsirli olan bütün şəxslərə şamil ediləcək. Uşağın ölümü ilə nəticələnən cinayətlərə görə cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmayacaq.
Qanunda yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı törədilən cinayətlərə xüsusi diqqət yetirilib. 14 yaşına çatmamış uşaqlara qarşı cinsi zorakılığa görə 25 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Bundan əlavə, bu növ cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti ləğv edilir. Bu, cinayətin törədildiyi vaxtdan nə qədər müddət keçməsindən asılı olmayaraq, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verəcək.
Yeni tədbirlər uşaqların hüquqi müdafiəsini gücləndirməyə, onların həyatına, sağlamlığına və ləyaqətinə qəsd edən əməllərə görə məsuliyyəti sərtləşdirməyə yönəlib.