Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib
Beyləqan, 14 oktyabr, AZƏRTAC
Beyləqanda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqalların, ziyalıların, şəhid ailələri üzvlərinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. O, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi qüdrətinin gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Beyləqan rayonunun sosial-iqtisadi inkişafında kənd təsərrüfatının roluna toxunaraq taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində əldə olunan nəticələr, məhsuldarlığın artırılması və aqrar sahənin inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, şəhid atası Qərib Təhməzov və digər çıxış edənlər Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin ardıcıl həyata keçirilməsinin ölkəmizin gələcək inkişafı, milli birliyin və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi, uşaq və gənclərin zərərli təsirlərdən müdafiəsi, onların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb. İdeoloji və maarifləndirmə işinin formal deyil, nəticəyönümlü qurulmasının, habelə təhsil müəssisələrinin, dövlət qurumlarının, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının hər kəsin məsuliyyəti olduğu bildirilib, müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmləndirilməsinin və ölkəmizin davamlı inkişafının ümumi məqsədimiz olduğu qeyd edilib.
Müxbir – Tahir Ağaməmmədov