Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir
Füzuli, 14 oktyabr, AZƏRTAC
Füzuli Rayon Heydər Əliyev Mərkəzində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrasına və rayon qarşısında duran hədəflərə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin ölkənin inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi-strateji sənəd olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlət müstəqilliyimiz daha da möhkəmlənib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Qarşıda duran əsas vəzifə dövlət başçısının rəhbərliyi ilə qazanılmış bu tarixi nailiyyətləri qorumaq, iqtisadi qüdrətimizi artırmaq və davamlı inkişafı sürətləndirməkdir. Müəyyən edilmiş strateji hədəflərin yerli səviyyədə uğurla reallaşması üçün hər bir qurum öz fəaliyyətini dövlət siyasətinin prioritetlərinə uyğun qurmalı, tapşırıqların icrasında yüksək məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməlidir".
Rayonda iqtisadi canlanmanın və məşğulluğun təmin edilməsi istiqamətində görülən işlərə toxunan icra başçısı qeyd edib ki, son beş ildə Füzuli rayonunda 3650 nəfər daimi işlə təmin olunub, 2022–2026-cı illər ərzində 546 vətəndaş özünüməşğulluq proqramına cəlb edilib, həmçinin 1940 aztəminatlı ailəyə (8730 nəfər) ünvanlı dövlət sosial yardımı təyin olunub: “Hazırda rayonda ümumi investisiya dəyəri 16 milyon 612 min manat olan aqrar layihələrin icrası planlaşdırılır. Müasir suvarma sistemlərinin qurulmasını, su təsərrüfatı infrastrukturunun yenilənməsini, heyvandarlığın genişləndirilməsini və yeni texnikaların cəlb olunmasını nəzərdə tutan bu layihələr nəticəsində 91 yeni iş yeri açılacaq".
Çıxışda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi məsələlərinə də xüsusi yer verilib. "Uşaqların təhsil hüquqlarının qorunması, ailə–məktəb əməkdaşlığının gücləndirilməsi və gənclərin yad ideoloji təsirlərdən mühafizəsi xüsusi diqqət tələb edir. Maarifləndirmə işi kağız üzərində və formal tədbirlərlə məhdudlaşmamalı, birbaşa insanların gündəlik qayğılarını nəzərə alan, real nəticələrə söykənən fəaliyyət əsasında qurulmalıdır”, - deyə o əlavə edib.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
Füzuli və Xocavənd rayonları üzrə Təhsil sektorunun müdiri Ramella Məmmədova şagirdlərin keyfiyyətli təhsillə təmin olunmasından və məktəb mühitinin inkişafından bəhs edib.
Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev gənclərin milli köklərə bağlılığında ağsaqqalların öyüd-nəsihətinin vacibliyini qeyd edərək deyib: "Dövlətçilik ənənələrinin yaşadılması və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasında ağsaqqalların üzərinə böyük ictimai məsuliyyət düşür".
Şəhid Elnur Quliyevin anası Marusa Həsənova göstərilən dövlət qayğısından danışaraq qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini uca tutmaq və canları bahasına torpaqlarımızı azad edən qəhrəmanların şərəfli yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səminə Nuriyeva gənclərin əmək bazarının müasir tələblərinə uyğun ixtisaslara yiyələnməsi imkanlarından danışıb. "Qabaqcıl təhsil işçisi" döş nişanlı müəllim Bəxtiyar Gözəlov savadlı və dövlətçilik təfəkkürlü vətəndaş yetişdirilməsində müəllim məsuliyyətini önə çəkib. Vətən müharibəsi iştirakçısı Elnur Şirinzadə isə tarixi Zəfərin qorunmasının hər bir azərbaycanlının müqəddəs vəzifəsi olduğunu vurğulayıb.
Sonda bildirilib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn tapşırıqların icrası rayonun hərtərəfli inkişafına, əhalinin sosial rifahının daha da yüksəlməsinə və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.
Müxbir-Aydın Yavərzadə