“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
Berlin, 14 oktyabr, AZƏRTAC
Almaniyanın “Lufthansa” aviaşirkəti Portuqaliyanın dövlətə məxsus TAP aviaşirkətinin səhmlərinin 44,9 faizini əldə etmək üçün üstün tərəfdaş seçilib.
AZƏRTAC Almaniya mediasına istinadla bildirir ki, Portuqaliyanın Baş naziri Luiş Monteneqro Nazirlər Kabinetinin müvafiq qərar qəbul etdiyini açıqlayıb.
Razılaşmanın dəyəri 1,2 milyard avro təşkil edir. Lakin müqavilənin yekunlaşdırılması və Avropa İttifaqının müvafiq qurumlarının razılığının alınması tələb olunur. Rəsmi qiymətləndirməyə görə, rəqabət qaydalarına uyğunluq yoxlaması 18-24 ay çəkə bilər. Sövdələşmənin 2028-ci ildə tamamlanacağı gözlənilir.
“Lufthansa” bu addımla xüsusilə Latın Amerikası, o cümlədən Braziliya istiqamətində mövqelərini gücləndirməyi hədəfləyir. Lissabonun tranzit mərkəzi kimi rolunun artırılması, Porto şəhərində isə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
Almaniya şirkəti bu prosesdə Fransa-Niderland mənşəli “Air France-KLM” konsernini qabaqlayıb. “Lufthansa”nın təklifi rəqibinin təklifindən 16 faiz yüksək olub. Bununla belə, TAP-ın əsas səhmləri Portuqaliya dövlətinin mülkiyyətində qalacaq.