“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü
Bakı, 14 oktyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Rebuild Karabakh 2026” sərgisi çərçivəsində “Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” mövzusunda panel görüşü keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatı Şahin Seyidzadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və “PAŞA Bank” ASC-nin insan resursları üzrə baş direktoru Zibeydə Hacıyeva iştirak ediblər.
Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə işğaldan azad edilmiş ərazilərdə gənclər üçün yaradılan yeni imkanlar, təhsil və karyera perspektivləri, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, eləcə də gənclərin Qarabağın bərpa-quruculuq prosesində iştirakı müzakirə olunub.
Müzakirələr zamanı Qarabağda müasir dövrün tələblərinə cavab verən peşəkar kadr potensialının formalaşdırılması, gənclərin təhsil və inkişaf proqramları vasitəsilə yeni idarəetmə reallıqlarına hazırlanması məsələlərinə diqqət yetirilib. Həmçinin gənclərin regionda uzunmüddətli sosial və peşəkar həyat qurmaları, özlərini Qarabağın gələcək inkişafının bir hissəsi kimi görmələri üçün əlverişli sosial mühitin yaradılmasının əhəmiyyəti vurğulanıb. Gənclərin əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlıq təşəbbüslərinin reallaşdırılması və innovativ ideyalarının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Paneldə dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin gənclərin peşəkar inkişafına və regionun iqtisadi fəallığının artırılmasına verə biləcəyi töhfə də diqqətə çatdırılıb. Bununla yanaşı, gənclərin idarəetmə və qərar qəbuletmə proseslərində iştirakı, liderlik bacarıqlarının inkişafı və könüllülük fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.