Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
Bakı, 14 oktyabr, AZƏRTAC
Heydər Əliyev Mərkəzi qeyri-adi memarlığı və orijinal dizaynı ilə güclü təəssürat yaradır. Bu fikri “TECHNONICOL” korporasiyasının akustika və səsizolyasiya üzrə texniki məsləhətçisi, texniki elmlər namizədi Rəşid Nurumov deyib.
Onun sözlərinə görə, Bakı özünəməxsusluğu və gözəlliyi ilə seçilir, memarlıq görkəmi baxımından digər dənizkənarı şəhərlərdən fərqlənir.
“Heydər Əliyev Mərkəzi həm dizaynı, həm də gözəlliyi ilə heyranlıq doğuran binadır. Tanınmış memar Zaha Hadidin layihələndirdiyi qeyri-adi memarlıq nümunəsi insanda dərin təəssürat yaradır”, – deyə R.Nurumov qeyd edib.
O, həmçinin Bakının ona doğma Almatı şəhərini xatırlatdığını bildirib. Bununla yanaşı, Asiyanın və dünyanın digər bölgələrinin bir çox dənizkənarı şəhərlərində olmasına baxmayaraq, Azərbaycanın paytaxtına bənzəyən başqa bir şəhərə rast gəlmədiyini vurğulayıb.
“Düzünü desəm, belə bir şəhər görməmişəm. Bakı unikal şəhərdir”, – deyə müsahibimiz vurğulayıb.