Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır
Bakı, 4 noyabr, AZƏRTAC
Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə həm gəlir, həm də xərclər üzrə 1,7 faizlik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat və ya ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov deyib.
O, hazırkı mərhələdə büdcə üçün kəmiyyətin deyil, keyfiyyət dəyişikliklərinin önəmli olduğunu qeyd edərək deyib: “İcmal büdcənin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat, kəsiri 2,8 milyard manat proqnozlaşdırılır”.
A.Əmiraslanovun sözlərinə görə, növbəti il üçün iqtisadi artım 2,7 faiz, inflyasiya isə 5,3 faiz proqnozlaşdırılır.
"Azərbaycanın indiyə kimi reallaşdırdığı bütün strateji təşəbbüslər daxili resurslar hesabına həyata keçirilib. Növbəti ildə də konservativ borc siyasətinin həyata keçirilməsi nəzərdə tutulur", - deyə komitə sədri əlavə edib.