Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib
Bakı, 4 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu və Türkiyənin Qazi Universitetinin əməkdaşlığı çərçivəsində “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda V Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə yerli və xarici alimlər, elm və təhsil müəssisələrinin rəhbərləri, müxtəlif elmi istiqamətlər üzrə mütəxəssislər və tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında çıxış edən Coğrafiya İnstitutunun direktoru coğrafiya elmləri doktoru, dosent Zaur İmrani müasir coğrafiya elminin qarşısında duran əsas vəzifələrdən, elmi tədqiqatların praktiki əhəmiyyətindən və elm-təhsil inteqrasiyasının vacibliyindən danışıb. O bildirib ki, iqlim dəyişmələri, təbii ehtiyatlardan səmərəli istifadə və davamlı inkişafla bağlı çağırışlar coğrafiya sahəsində elmi tədqiqatların genişləndirilməsini zəruri edir. Bu problemlərin həllində təbii-coğrafi şəraitin elmi əsaslarla qiymətləndirilməsi, əldə olunan nəticələrin praktik fəaliyyətə tətbiqi və müasir tədqiqat metodlarından istifadənin əhəmiyyətini vurğulayıb.
İnstitut direktoru konfransın beşinci dəfə keçirilməsini beynəlxalq elmi əməkdaşlığın davamlılığının göstəricisi kimi qiymətləndirərək, tədbirin yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və alimlər arasında təcrübə mübadiləsinə töhfə verəcəyini bildirib.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli çıxışında konfransın mövzusunun müasir elmi və ictimai çağırışlar baxımından aktuallığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Almaniyanın Yustus Libix adına Gissen Universitetinin professoru Ruzbeh Mirzaei beynəlxalq elmi əməkdaşlığın və müxtəlif ölkələrin tədqiqatçıları arasında akademik əlaqələrin inkişafının əhəmiyyətinə diqqət çəkib. Coğrafiya sahəsində müasir elmi yanaşmaların və tədqiqat təcrübələrinin mübadiləsinin vacibliyi önə çəkilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru, professor Yusif Alıyev isə çıxışında texnoloji inkişafla ətraf mühit arasında qarşılıqlı əlaqələrdən bəhs edib. O bildirib ki, müasir texnologiyaların inkişafı təbii proseslər və ehtiyatlarla sıx bağlıdır. Dünyada yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədqiqatlar aparılır. Bununla yanaşı, texnoloji tərəqqi fonunda meydana çıxan coğrafi və ekoloji problemlərin araşdırılması, onların həlli yollarının müəyyənləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Professor bu proseslərdə coğrafiya elminin rolunu vurğulayıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında müasir kitabxanaların elm və təhsilin inkişafındakı roluna toxunub. O qeyd edib ki, Mərkəzi Elmi Kitabxana yalnız zəngin informasiya resurslarına malik müəssisə deyil, həm də elmi müzakirələrin, akademik əməkdaşlığın və tədqiqat fəaliyyətinin həyata keçirildiyi mühüm platformadır.
Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin dosenti Muxriddin Avezov Azərbaycan ilə Özbəkistan arasında elmi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışıb. O bildirib ki, iki ölkənin elmi müəssisələri arasında formalaşmış əməkdaşlıq əlaqələri birgə tədqiqatların aparılması, akademik təcrübə mübadiləsi və yüksəkixtisaslı elmi kadrların hazırlanması baxımından mühüm imkanlar yaradır.
Beynəlxalq elmi tədbirdə iqlim dəyişmələri, su ehtiyatlarının qiymətləndirilməsi və mühafizəsi, torpaq ehtiyatlarından səmərəli istifadə, ekoloji problemlər, Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün qorunması və landşaftlardan istifadənin müasir vəziyyəti kimi aktual məsələlər müzakirə olunub. Həmçinin yaşıl iqtisadiyyat, regional inkişaf, təbii və texnogen təhlükələr, ekoloji dayanıqlılıq, turizm və rekreasiya potensialı, süni intellekt və rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası istiqamətində aparılan elmi araşdırmaların nəticələri təqdim edilib.
Konfrans işini plenar iclasla davam etdirib. İclasda coğrafiya elminin aktual problemlərinə, müasir tədqiqat istiqamətlərinə və müxtəlif ölkələrin alimləri tərəfindən aparılan araşdırmalara dair elmi məruzələr dinlənilib.