Cənubi Azərbaycan ədəbiyyatına dair tədqiqat beynəlxalq jurnalda işıq üzü görüb
Bakı, 4 noyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Cənubi Azərbaycanın ədəbi mühiti (1947–1978)” adlı məqaləsi Rumıniyanın “Web of Science” bazasında indeksləşdirilən jurnalında (“Agathos: An International Review of the Humanities and Social Sciences”) dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan dövlətinin iki hissəyə bölünməsi – şimal hissəsinin Rusiyanın, cənub hissəsinin isə İranın tərkibində qalması məsələləri nəzərdən keçirilir. Tədqiqat işində XX əsr Cənubi Azərbaycan ədəbiyyatında baş verən proseslər ətraflı şəkildə təhlil olunur. Məqalədə Cənubi Azərbaycan ədəbiyyatının elmi-nəzəri aspektləri araşdırılır; Cənubi Azərbaycan ədəbi mühitində fərdin ana dili və milli kökləri ilə bağlı azadlıqların ön plana çıxarılması məsələləri, həmçinin vətənpərvərlik mövzularının bu əsərlərdə əsas ideoloji xətti təşkil etməsi təhlil olunur.
Tədqiqatda 1947–1978-ci illər Cənubi Azərbaycan ədəbi mühiti nəzərdən keçirilir və təhlil edilir. Tədqiqat işində İranda Azərbaycan dilində mətbuatın nəşrinə qoyulan qadağalar, ana dilindəki kitabların yandırılması, hətta cənublu soydaşlarımızın öz ana dillərində oxuması, yazması və danışmasının qadağan edilməsi kimi hallar, eləcə də bütün bu təzyiqlərə baxmayaraq, Cənubi Azərbaycan yazıçılarının böyük əzmkarlıqla yazıb-yaratdıqları məsələlər təhlil olunur.