Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Tibbi turizmin və sağlamlıq turizminin inkişafı klinikalar, sanatoriyalar, xəstəxanalar və həkimlər arasında əməkdaşlıqdan asılıdır. Əsas məqsəd tərəfdaşlarla birgə uğurlu beynəlxalq təcrübələrin tətbiqi üçün əlverişli platforma yaratmaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.
O bildirib ki, sağlamlıq turizminin inkişafı istiqamətində müvafiq konsepsiya hazırlanacaq. “Tibbi turizm dedikdə, müəyyən tibbi xidmətlər göstərən müəssisələrin fəaliyyəti nəzərdə tutulur. Bu sahənin inkişafı ilə əlaqədar sağlamlıq turizmi üzrə fəaliyyət göstərən hotellərin tikintisi və açılışı, eləcə də tibbi turizm sahəsində ixtisaslaşmış xəstəxanaların fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”,- deyə Elgün Cavadov əlavə edib.
Müxbir - Fidan Əlizadə