Avropanı qışda çətin günlər gözləyir
Bakı, 4 noyabr, AZƏRTAC
Cari ilin qış mövsümündə Avropa ölkələri enerji təchizatı ilə bağlı çətinliklərlə üzləşə bilər. Avropalı sinoptiklərin proqnozlarına görə, noyabrın ikinci yarısından etibarən şimaldan gələn soyuq hava kütlələrinin təsiri ilə qitədə havanın temperaturu kəskin aşağı düşəcək.
AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadla xəbər verir ki, oktyabrın əvvəlində Avropa ölkələrinin qaz anbarlarının doluluq səviyyəsi 75 faiz təşkil edib. Lakin Hörmüz boğazında qaz və neft daşıyan bir sıra tankerlərin raket zərbələrinə məruz qalması nəticəsində yanacaq daşımalarında yaranan fasilələr anbarlardakı ehtiyatlardan istifadənin artmasına səbəb olub.
Ekspertlərin bildirdiyinə görə, qazdan qənaətlə istifadə ediləcəyi təqdirdə, mövcud ehtiyatlar 2027-ci ilin mart ayınadək əhalinin tələbatını ödəyə bilər.
Bu arada təbii qazın qiyməti də artmaqda davam edir. Dünya bazarında qazın qiyməti ticarətin aparıldığı regional birjalardan və çatdırılma mərkəzlərindən (hablardan) asılı olaraq dəyişir.
ABŞ-nin “Henry” habında təbii qaz fyuçerslərinin qiyməti hazırda 1 milyon BTU (Britaniya istilik vahidi) üçün təxminən 2,90 ABŞ dolları təşkil edir.
Avropa bazarında, Niderlandın TTF habında isə qiymətlər daha yüksəkdir və mütəmadi dəyişir. Hazırda təbii qazın qiyməti 1000 kubmetr üçün təxminən 1100 dollar, yaxud meqavat-saat üçün 94 avro səviyyəsindədir.