Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir
Bakı, 4 noyabr, AZƏRTAC
Tibbi turizmin inkişafında Səhiyyə Nazirliyinin rolu yalnız tibbi xidmətlərin təşkili ilə məhdudlaşmır. Nazirlik bu sahədə dövlət siyasətinin formalaşdırılması, beynəlxalq təcrübənin milli səhiyyə sisteminə inteqrasiyası, tibbi xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, həmçinin ölkənin beynəlxalq səhiyyə məkanında nüfuzunun artırılması istiqamətində aparıcı institusional rolu həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, tibbi turizmə ölkənin səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinin mühüm amili kimi yanaşılmalıdır: “Bu istiqamətdə ölkəmiz üçün mühüm hədəflərdən biri Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin gücləndirilməsidir. Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas prioritetlərdəndir. Turizmin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər çərçivəsində tibbi klasterlərin və azad iqtisadi zonaların təşkil imkanları da nəzərdən keçirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən tibbi infrastrukturu, ixtisaslı mütəxəssisləri və turizm potensialı ölkənin regional tibbi turizm mərkəzinə çevrilməsi üçün mühüm zəmin yaradır”.
A.Bayramov tibbi turizm indeksinin ölkələrin mövqeyini beynəlxalq səviyyədə qiymətləndirmək, mövcud imkanları təhlil etmək və sahənin inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirmək baxımından vacib olduğunu diqqətə çatdırıb: “Bu məqsədlə Səhiyyə Nazirliyi ilə "Global Health Accreditation" arasında müqavilə bağlanıb. Sənəd çərçivəsində aparılacaq araşdırmalar ölkəmizdə tibbi turizmin mövcud vəziyyətini əks etdirməklə yanaşı, bir müddət sonra görülmüş tədbirlərin nəticələrini müqayisəli təhlil etməyə imkan verəcək. Əldə ediləcək nəticələr və Azərbaycanın müvafiq reytinqi 2026-2027-ci illər buraxılışında əks olunacaq”.
Müxbir - Fidan Əlizadə