Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
Qəbələ, 14 oktyabr, AZƏRTAC
Qəbələdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Prezident İlham Əliyev proqram xarakterli çıxışında həm keçmişə baxış, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edib, eyni zamanda, milli təhlükəsizlik və inkişaf nəzəriyyəsinin başlıca istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirdiyini qeyd edib. İcra başçısı qurultayda qarşıdakı dövrdə əsas vəzifələrin əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmalı olduğunu bildirib.
Balakən rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çıxış edərək ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, həyata keçirilən layihələrdən danışıb. “Mənəvi dəyərlərimizin qorunması istiqamətində görülməli tədbirlərimiz, ideoloji işin düzgün qurulması çox vacib və mühüm amillərdir” deyən Arifə Bayramova bu sahədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrdən bəhs edib, hər kəsi daha diqqətli olmağa səsləyib.
Müşavirədə çıxış edən YAP fəalı Anar Şirinov Qurultayın əhəmiyyətini vurğulayıb. “Bu gün xarici mərkəzlər - media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə uşaq və gəncləri təsir altına salmağa çalışırlar. Bu məsələdə hər birimiz ayıq-sayıq olmalı, öz sözümüzü deməli və biganə qalmamalıyıq”, - deyə o fikrini tamamlayıb.
Vətən müharibəsinin qazisi Müşviq Paşayev dövlətimizin şəhid ailələrinə, onların əmanəti olan övladlarına, eləcə də qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısından bəhs edib: “Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən kənd və qəsəbələrimizin yenidən qurulması istiqamətində yorulmadan çalışır. Eyni zamanda, şəhid ailə üzvlərinin, qazilərin evlə təmin olunması, onların sosial-mənəvi qayğılarının həlli istiqamətində ardıcıl iş aparır”.
Qeyd edək ki, müşavirədə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, turizm obyektlərinin rəhbərləri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, gənclər və sahibkarlar iştirak ediblər.
Müxbir - Rasim İslamoğlu