Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası üzrə indikativ planlaşdırmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məqsədilə icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova Dövlət Proqramı üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli Sərəncamından və onun icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn vəzifələr barədə məlumat verib. Tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri müəyyən edilməklə illər üzrə bölgüsünün hazırlanması, icraçı qurumlar arasında koordinasiyanın və nəticəyönümlü hesabatlılığın təmin olunması məsələləri diqqətə çatdırılıb.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Dövlət Proqramının Tədbirlər Planı və indikator cədvəlinin hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin, ölçü vahidlərinin, baza və illər üzrə hədəflərin müəyyənləşdirilməsi, icra müddətlərinin və məsul qurumların dəqiqləşdirilməsi üzrə yanaşmalar izah olunub. Dövlət Proqramının əsas hədəfləri ilə tədbirlər üzrə gözlənilən nəticələr arasındakı əlaqə, eləcə də 2027-ci il üzrə hədəf göstəricilərinin formalaşdırılması məsələləri müzakirə edilib.
İİTKM-in Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Könül Bədəlova Mərkəzin operatoru olduğu “e-monitorinq” portalı vasitəsilə hesabatlılığın təşkili və “Layihə idarəetməsi” modulunun funksional imkanları barədə məlumat verib. Təqdimatda layihələr üzrə məlumatların sistemə daxil edilməsi, icra vəziyyətinin izlənilməsi, maliyyələşmə məlumatlarının əks etdirilməsi və nəticələrin monitorinqi mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb. Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmənin 2028-ci ildən müvafiq modul üzərindən həyata keçiriləcəyi bildirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “AzerGold” QSC, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Təqdimatlardan sonra indikator cədvəlinin formalaşdırılması və hesabatlılığın təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.