Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli
Bakı, 14 oktyabr, AZƏRTAC
Ümumtəhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi vaxtında verilmiş, hətta gecikmiş qərardır. Azərbaycan dünyəvi dövlətdir və bu prinsipə uyğun olaraq dünyəvi təhsil sistemi fəaliyyət göstərir. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təhsil mühitində müəyyən edilmiş tələblərin qorunması baxımından əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Bədirxan Əhmədli deyib. O bildirib ki, Azərbaycan XIX əsrin ikinci yarısından etibarən maarifçilik hərəkatının təsiri ilə milli özünüdərk, dünyəvi düşüncə və müasir təhsil istiqamətində mühüm inkişaf yolu keçib. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi kimi mütəfəkkir və ədiblərin yaradıcılığında cəhalətə qarşı mübarizə, elmə və tərəqqiyə çağırış aparıcı yer tutub. Bu maarifçilik ənənələri xalqın milli şüurunun inkişafına və müasir dünyagörüşünün formalaşmasına mühüm töhfə verib. Bu gün həmin irsin davam etdirilməsi, gənc nəslin elmi təfəkkürə və müstəqil düşüncə qabiliyyətinə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır.
“Uşaqların dünyagörüşünün formalaşmasında ailə və məktəbin birgə fəaliyyəti mühüm rol oynayır. Müasir dövrdə gənclərin müxtəlif ideoloji təsirləri düzgün qiymətləndirməsi, milli-mənəvi dəyərlərə bağlı və elmi təfəkkürə malik şəxsiyyətlər kimi yetişməsi üçün maarifləndirmə işini gücləndirmək lazımdır. Məktəblərdə və universitetlərdə dünyəvilik və maarifçilik prinsiplərinin təbliği, təhsil və tərbiyənin vəhdətinin qorunması gələcək nəslin hərtərəfli formalaşmasına xidmət edir. Məktəblilər bizim gələcəyimizdir. Buna görə də onların vətənpərvərlik ruhunda yetişdirilməsi, təhsil və tərbiyə prosesinin paralel şəkildə aparılması, hərtərəfli şəxsiyyət kimi formalaşması xüsusi əhəmiyyət daşıyır”.
Müxbir-Nərmin Muradzadə