İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır
Bakı, 14 oktyabr, AZƏRTAC
AZƏRTAC Nizami Gəncəvinin yaradıcılığının əhəmiyyəti barədə sənət adamları ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, rejissor, ssenarist, eləcə də populyar ədəbi layihələrin müəllifi və təşkilatçısı İrana Qasımovadır.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin ən böyük şəxsiyyətlərindən biri, yaradıcılığı əsrlər keçsə də, dünya ədəbiyyatında öz əhəmiyyətini qoruyub saxlayan şair və mütəfəkkirdir. Onun əsərləri insan, ədalət, məhəbbət və müdriklik haqqında dərin düşüncələrlə zəngindir. Onun yaradıcılığında poetik sözün gözəlliyinin fəlsəfi məzmunla vəhdət təşkil etməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə müsahibimiz bildirib.
O, beş il əvvəl Nizami Gəncəviyə həsr olunmuş və yaradıcı insanların diqqətini cəlb etmiş bir tədbir təşkil etdiyi haqda danışıb: “2021-ci ildə Azərbaycanda Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunanda və həmin il “Nizami Gəncəvi İli” elan ediləndə mən də bu əlamətdar hadisəyə öz töhfəmi vermək istədim. Beləliklə, “İrana Qasımova ilə poeziya klassikası” layihəm çərçivəsində bir ədəbi gecə təşkil etmək ideyası yarandı. Tədbir “Azərkitab” kitab mağazasında keçirildi. Çox istəyirdim ki, Nizaminin əsərləri yalnız kitab səhifələrində deyil, müasir şairlərin və poeziya həvəskarlarının ifasında da səslənsin. Həmin axşam on iştirakçı şeirlərini və məşhur poemalarından parçaları səsləndirdi”.
Onun fikrincə, əsl klassika zamanla öz aktuallığını itirmir.
“Nizaminin yaşayıb-yaratdığı dövrdən uzun əsrlər keçməsinə baxmayaraq, insan təbiəti, məhəbbət, xeyirxahlıq, ədalət və həyatın mənası haqqında düşüncələri bu gün də aktualdır. Onun poeziyası yaradıcı insanlar üçün tükənməz ilham mənbəyi, dərin düşüncənin və zəngin obrazlar aləminin nümunəsidir. Məhz buna görə layihəmdə klassik əsərlər müasir şairlərin və bədii qiraət ustadlarının ifasında səslənir. İstəyirəm ki, hər bir iştirakçı sadəcə mətni oxumaqla kifayətlənməsin, orada özünə aid, şəxsi bir məna tapsın. Axı poeziya yalnız oxunanda deyil, həm də duyulanda yaşamağa davam edir”, – deyə o qeyd edib.
Müasir Azərbaycan şairləri üçün hazırda hansı mövzuların xüsusilə aktual olduğu barədə danışan müsahibimiz “İrana Qasımova ilə Poetry Battle” layihəsini nümunə göstərib. Onun sözlərinə görə, layihə çərçivəsində indiyədək məhəbbət, Vətən, azadlıq, dostluq, zaman, fəlsəfə, təbiət, yumor və digər mövzulara müraciət olunub.
“Hər dəfə şairlərin eyni mövzuya fərqli yanaşdıqlarını izləmək maraqlı olur. Formatımızın özəlliyi də bundadır. İştirakçılar təkcə şeir oxumurlar, həm də ustalıq, düşüncənin orijinallığı və öz baxışlarını dinləyiciyə çatdırmaq bacarığı baxımından yarışırlar.
Məsələn, bu yaxınlarda növbəti poeziya dueli keçirildi və onun mövzusu “Güc” idi. Hər bir müəllifin bu anlayışı necə şərh etdiyini izləmək xüsusilə maraqlı idi. Axı güc yalnız fiziki qüvvə və ya maneələri aşmaq bacarığı demək deyil. Bu, ruhun, sözün, məhəbbətin, xarakterin gücü, qadının gücü, incəsənətin qüdrəti və ya çətin şəraitdə insan olaraq qalmaq bacarığı da ola bilər. İştirakçılar mövzuya daha dərindən yanaşaraq, ilk baxışdan sadə görünən bir anlayışın nə qədər çoxşaxəli olduğunu göstərdilər. Poeziya duelinin qalibi şairə Leyla Qurbanova oldu.
Məncə, belə yaradıcılıq yarışları şairlərə vərdiş etdikləri çərçivələrdən kənara çıxmağa və öz istedadlarının yeni tərəflərini kəşf etməyə kömək edir”, – deyə İ.Qasımova əlavə edib.
Müəllif – Anara Axundova