Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib
Göygöl, 14 oktyabr, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin 2026-cı il oktyabrın 2-də partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən və qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirənin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında dövlət başçısının nitqində əksini tapan əsas istiqamətlərə və ölkənin qarşısında duran prioritet vəzifələrə toxunub. O, dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması, əhalinin sosial rifahının yüksəldilməsi, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğının gücləndirilməsi, eləcə də ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb.
“Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəf və tapşırıqlar rəhbər tutulmaqla rayon üzrə bütün istiqamətlərdə fəaliyyətin səmərəliliyi artırılmalı, vətəndaş məmnunluğunun təmin edilməsi, sosial problemlərin həlli və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir”, - deyə şəhər rəhbəri bildirib.
Rayon Ağsaqqallar şurasının sədri Ələddin Qurbanov qeyd edib ki, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr ölkənin gələcək inkişafı baxımından vacib məsələlərdir.
Çıxış edən rayon üzrə təhsil sektorunun müdiri Elnur Qasımov da dövlət idarəçiliyində məsuliyyətin artırılması, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, sosial problemlərin həlli, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğının davam etdirilməsi, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə diqqət çəkib.
Müşavirənin sonunda qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, dövlət başçısının tapşırıq və tövsiyələrinin fəaliyyət zamanı əsas götürülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin davamlı inkişafına, milli birliyin möhkəmlənməsinə və Azərbaycanın yeni uğurlar qazanmasına xidmət etdiyi vurğulanıb.
Müxbir - Elcan Məmmədov