Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
Ağdam, 14 oktyabr, AZƏRTAC
Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycana səfəri çərçivəsində oktyabrın 14-də Ağdam şəhərində olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində İqor Sergeyenko Ağdam Sənaye Parkının fəaliyyəti, burada yaradılmış istehsal imkanları və sənaye infrastrukturunun inkişafı istiqamətində görülən işlərlə tanış olub. Həmçinin Azərbaycan-Belarus əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin mövcud vəziyyəti və icra prosesi barədə məlumat verilib.
Görüş zamanı Ağdamda aparılan bərpa-quruculuq işləri, iqtisadi potensialın reallaşdırılması, sənaye sahəsinin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Müxbir – Tahir Ağaməmmədov