Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY
Bakı, 14 oktyabr, AZƏRTAC
Məktəblərdə vahid geyim formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil. Bunu vicdan azadlığının pozulması və ya iddia edildiyi kimi, “hicab qadağası” adlandırmaq məsələnin mahiyyətini tam əks etdirmir. Təhsil müəssisələrindən kənarda hər kəs öz dini etiqadına uyğun yaşamaqda və dini geyimlərdən istifadə etməkdə sərbəstdir. Bu azadlıq dövlət tərəfindən təmin edilir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda dini etiqad azadlığı ilə yanaşı, məktəblərdə dünyəvilik prinsipi qorunur. Bu yanaşma həm milli qanunvericiliyə, həm də beynəlxalq hüququn müvafiq prinsiplərinə uyğundur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu və bütün dini etiqadların qanun qarşısında bərabərliyi təsbit edilib. Eyni zamanda, dövlət təhsil sisteminin dünyəvi xarakterini təmin edir və bu sahəyə nəzarəti həyata keçirir. Buna görə də məktəblərdə vahid geyim qaydalarının tətbiqinə yalnız dini geyim kontekstində yanaşmaq doğru olmazdı. Məsələyə, ilk növbədə, təhsil sisteminin hüquqi əsasları və dünyəvi xarakteri çərçivəsində baxmaq lazımdır.
“Beynəlxalq hüquq təcrübəsində bu mövzuya dair konkret presedentlər var. Məsələn, 2001-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində baxılan “Dahlab İsveçrəyə qarşı” işi təhsil müəssisələrində dini simvolların istifadəsi və dünyəvilik prinsipinin qorunması baxımından mühüm presedentlərdən biri hesab olunur. Bu qərar göstərir ki, dövlətlər təhsil sistemində dini məsələləri tənzimləmək sahəsində müəyyən mülahizə sərbəstliyinə malikdirlər. Bu baxımdan, Azərbaycanda vahid məktəb geyimi qaydalarının tətbiqinə hüquqi çərçivədə yanaşılmalı, məsələ müvafiq qanunvericilik və beynəlxalq təcrübə nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələnin praktik tərəfi də az əhəmiyyət daşımır. İlk növbədə, vahid geyim formasının tətbiqi məktəblərdə bərabərliyin təmin edilməsinə xidmət edir. Dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, vahid yanaşma sərgilənir. Əksinə, baş örtüyünə icazə verilməsi vahid geyim formasının pozulması ilə yanaşı, ayrı-seçkiliyin olması deməkdir. Bu yanaşmanın təkcə digər şagirdlərə yox, eyni zamanda, baş örtüyündən istifadə edən məktəblilər üzərində də mənfi təsirləri var. Çünki baş örtüyü uşağın dini kimliyinin simvoludur və bu, onu digərlərindən fərqləndirir, dünyəvi sistemdən kənar qrupun təmsilçilisinə çevirir, bir çox hallarda sosiallaşmasına mane olur”, - deyə o bildirib.
Siyasi şərhçi diqqətə çatdırıb ki, bu mövzuda yetkinlik yaşına çatmayan qız uşaqlarının seçim azadlığı mühüm məsələlərdən biridir. Sirr deyil ki, uşaqların geyim seçiminə ailənin mövqeyi və tərbiyə yanaşması təsir göstərir. Valideynlərin övladlarını tərbiyə etmək hüququ var. Ancaq dövlətin uşaqların təhsil hüququnu qorumaq və Konstitusiyanın müəyyən etdiyi dünyəvi təhsil prinsipini təmin etmək öhdəliyi mövcuddur. Başqa sözlə, ailə uşağın evdə tərbiyəsinə görə məsuliyyət daşıdığı kimi, dövlət də məktəbdə onun hüquqlarının qorunmasına və qanunvericiliyin tələblərinə uyğun təhsil mühitinin yaradılmasına cavabdehdir. Burada valideynlərin hüquqları ilə dövlətin öhdəliklərini bir-birinə qarşı qoymaq yox, uşağın mənafeyini əsas götürərək bu məsələləri uzlaşdırmaq vacibdir.
“Vahid məktəb geyimi məsələsinin digər tərəfi xarici dini-ideoloji təsirlərlə bağlı müzakirələrdir. Azərbaycanın ideoloji məkanına müdaxilə cəhdlərinin olduğu və bu mövzunun müxtəlif vaxtlarda ictimai müzakirələrə çıxarıldığı bildirilir. Təhsil müəssisələri isə gələcək nəslin dünyagörüşünün formalaşdığı əsas məkanlardan biridir. Yetkinlik yaşına çatmayan şəxslərin ideoloji təsirlərə daha həssas ola bilməsini nəzərə alsaq, onların sağlam dünyagörüşünün formalaşmasında təhsilin, maarifləndirmənin və düzgün sosial mühitin nə qədər əhəmiyyətli olduğunu görərik. Bu baxımdan, vahid geyim qaydalarının tətbiqinə təhsil sistemində ümumi yanaşmanın qorunmasına xidmət edən vasitələrdən biri kimi baxmaq olar”, - deyə o əlavə edib.
Müxbir - Səbinə Əlizadə