Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Buxarada keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası nümayiş etdirilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən mərkəzin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O bildirib ki, iki ölkə prezidentinin qətiyyətli siyasi iradəsi və birgə səyləri nəticəsində bu münasibətlər ən yüksək səviyyəyə yüksələrək strateji müttəfiqlik mərhələsinə çatıb. Akif Marifli ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin mədəni-humanitar əməkdaşlığın və mədəni diplomatiyanın inkişafı üçün də geniş imkanlar yaratdığını vurğulayıb.
Mərkəzin direktoru qeyd edib ki, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin Özbəkistanda tanıdılması istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsi, ölkənin müxtəlif regionlarında daha geniş auditoriyalara təqdim olunması nəzərdə tutulur.
Akif Marifli, həmçinin Mərkəzin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” teatr truppasının Azərbaycan dramaturgiyasının müxtəlif janrlarına aid səhnə əsərlərini Özbəkistan tamaşaçılarına təqdim etdiyini diqqətə çatdırıb. O, bu fəaliyyətin iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə və zənginləşməsinə xidmət etdiyini bildirib.
Buxara Dövlət Universitetinin rektoru Obidjon Hamidov çıxışında Azərbaycan və Özbəkistan arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, bu cür mədəni tədbirlər xalqlarımızın bir-birinin zəngin ədəbi və mədəni irsini daha yaxından tanımasına, qarşılıqlı mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
Daha sonra “Xarıbülbül” teatr truppasının ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqili teatr sənətinin şah əsərlərindən biri olan “Arşın mal alan” operettası tamaşaçılara təqdim edilib.