Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
Tərtər, 14 oktyabr, AZƏRTAC
Tərtər rayonunda fermerlərin keyfiyyətli toxumlara çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq subyektləri ilə kənd təsərrüfatı istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də aqrar sahədə tətbiq olunan dövlət dəstək mexanizmləri barədə məlumatlılığın artırılması məqsədilə Toxum Sərgi-Satış Yarmarkası və panel müzakirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkiçatçılığı ilə keçirilən tədbir çərçivəsində müxtəlif toxumçuluq subyektləri və toxumçuluq şirkətləri öz məhsullarını nümayiş etdirmək, fermerlərlə birbaşa əlaqələr qurmaq və istehsal etdikləri toxum sortları barədə məlumat vermək imkanı əldə ediblər.
Yarmarka kənd təsərrüfatı istehsalçıları ilə toxum təchizatçıları arasında işgüzar əlaqələrin inkişafı və fermerlərin keyfiyyətli əkin materialları ilə təmin olunması baxımından əhəmiyyət daşıyıb.
Tədbirin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iştirak ediblər. Çıxışçılar tərəfindən aqrar sahənin inkişafında fermerlərin rolunun artırılması, kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və dövlət dəstək mexanizmləri barədə məlumatlılığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin bu cür tədbirlərin fermerlər, sahibkarlar və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində isə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Aqrar Xidmətlər Agentliyinin (AXA) Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu, Aqrar Sığorta Fondunun Şəmkir filialının müdiri Valeh Əsədov və “Unibank” MMC-nin Bərdə filialının müdiri Əbdürrəhman Abdullayev iştirak ediblər.
Panel müzakirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, aqrar sahədə tətbiq olunan dəstək mexanizmləri və fermerlərin bu imkanlardan yararlanma yolları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim olunan subsidiya və güzəştli maliyyələşmə imkanları barədə ətraflı məlumat verilib. Fermerlərin dövlət dəstəyindən səmərəli istifadəsi, kənd təsərrüfatında maliyyə əlçatanlığının artırılması və istehsalın stimullaşdırılması məsələlərinə diqqət yetirilib.
Paneldə Aqrar Subsidiya Şurasının 7 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş yeni dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qərarla bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib.
İştirakçılar dövlət dəstək mexanizmlərinin aqrar istehsalın inkişafında, fermerlərin maliyyə imkanlarının genişləndirilməsində və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqində rolunu müzakirə ediblər. Digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq istiqamətlər üzrə məlumatlandırma həyata keçirilib.
Müxbir – Tahir Ağaməmmədov