Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 13-ü saat 22:00-da Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BDYPİ nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır.