ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib
Bakı, 14 oktyabr, AZƏRTAC
Rusiya ilə ABŞ arasında dizel yanacağının ixracı ilə əlaqədar əldə olunan razılaşma Avropada ciddi müzakirə mövzusuna çevrilib. Bu isə təsadüfi deyil. ABŞ-də dizel yanacağı qıtlığının aradan qaldırılması istiqamətində addımlar atıldığı bir vaxtda Avropa dövlətləri yanacağın bahalaşmasından əziyyət çəkirlər.
AZƏRTAC xəbər verir ki, artıq Avropada Rusiya ilə enerji daşıyıcılarının idxalı barədə danışıqlara başlanılması ilə bağlı təkliflər səsləndirilir. Rusiyadan neft və qaz almaqdan imtina edən Avropa İttifaqı ölkələri Cozef Baydenin hakimiyyəti dövründə ABŞ-dən və Yaxın Şərq ölkələrindən mayeləşdirilmiş təbii qaz və xam neft alaraq tələbatlarını ödəyirdilər. Lakin Prezident Donald Trampın İrana qarşı müharibəyə başlaması və Yaxın Şərqdən neft və qaz ixracının dayanması neftin qiymətinin 100 dolları ötməsinə səbəb olub. Bu isə qitə iqtisadiyyatına ağır zərbə vurur.
Böyük Britaniyanın Surrey Universitetinin professoru Erik Qolson bildirib ki, Rusiyanın ABŞ-yə dizel yanacağı sataraq 4 milyard dollar qazanacağı barədə mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun fikrincə, Rusiya ABŞ-yə oktyabrda 300 min ton, noyabrda 500 min ton, gələcəkdə isə 1 milyon ton dizel yanacağı ixrac etməyi planlaşdırır.
ABŞ-nin nəqliyyat sisteminin dizel yanacağına sutkalıq tələbatı 2,94 milyon ton təşkil edir. Rusiyadan alınacaq 300 min ton yanacaq ABŞ-nin tələbatını cəmi bir neçə saat ərzində ödəyə bilər. 500 min ton isə ümumi tələbatın yarısından da azdır. Gələcəkdə 1 milyon ton dizel yanacağının ixracına gəlincə, bu ehtimal da ciddi şübhələr doğurur.
ABŞ-də dizel yanacağının qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağı gözlənilmir. Rusiya bu razılaşmadan iqtisadi deyil, daha çox siyasi üstünlük əldə etməyə çalışır. Hazırkı şəraitdə belə bir üstünlük rəsmi Moskva üçün xüsusi əhəmiyyət daşıyır.
Eyni fikri Prezident Donald Tramp haqqında da söyləmək olar. O, razılaşmanı dizel yanacağının qiymətinin aşağı salınmasına yönəlmiş addım kimi təqdim etsə də, hələlik qiymətlərin ucuzlaşması müşahidə olunmur. ABŞ-də bir qallon dizel yanacağının qiyməti 6,3 dollar təşkil edir.
Bu razılaşmanın dünya bazarında mayeləşdirilmiş təbii qazın qiymətinə də ciddi təsir göstərmək imkanları məhduddur. 2025-ci ilin yekunlarına görə, dünyada qaza tələbat 1,7 faiz artaraq 4,2 trilyon kubmetrə çatıb. Avropa və Asiya alıcıları Hörmüz boğazında yaranmış vəziyyətlə əlaqədar qaz tədarükü üçün alternativ yollar axtarırlar.
Hazırda Niderlanddakı TTF habında 1000 kubmetr qazın qiyməti 1019,83 dollar təşkil edir. Bu, 2022-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Avropada qışın yaxınlaşması ilə əlaqədar narahatlıq artır.
ABŞ-nin atdığı addım isə Avropanı enerji təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmağa vadar edib. Problemin həlli, ilk növbədə, Hörmüz boğazının açılmasından asılıdır. Baş verən prosesləri diqqətlə izləyən İran isə boğazın açılmasına ciddi maneələr yaradır. Bununla Tehran Avropa ölkələrinin ABŞ-yə təzyiq göstərərək onun Yaxın Şərqdən çəkilməsinə nail olmasına çalışır.
Bu siyasətin nə dərəcədə nəticə verəcəyini isə zaman göstərəcək.