ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir
Ankara, 14 oktyabr, AZƏRTAC
Müasir qlobal proseslər dövlətlərdən güclü hərbi-sənaye kompleksinə malik olmağı tələb edir. Müdafiə sənayesi dövlət təhlükəsizliyinin təmin olunmasına töhfə verməklə yanaşı, texnoloji müstəqilliyin, iqtisadi inkişafın və qlobal rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Ticarət Palatasının (ATO) sədri Gürsel Baran Türkiyə Milli Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə keçirilən Müdafiə və Aviasiya Sənayelərində Sənaye Əməkdaşlığı Günlərinin (IDA TÜRKİYE 2026) açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün müdafiə sənayesində hazırlanan texnologiyalar sabah avtomobil sənayesindən səhiyyəyə, rabitədən energetikaya, nəqliyyatdan kosmosun tədqiqinə qədər bir çox sahədə tətbiq oluna bilər.
“Buna görə də müdafiə sənayesinə investisiyalar ölkənin elmi potensialına, istehsal gücünə, ixtisaslı kadrlarına və iqtisadi gələcəyinə yatırılan sərmayələr deməkdir”, – deyə o qeyd edib.
ATO rəhbəri xatırladıb ki, Türkiyənin müdafiə sənayesi kompleksində yerli istehsal hesabına idxaldan asılılığın azaldılma səviyyəsi 2002-ci ildəki 20 faizdən 80 faizdən də yuxarı qalxıb.
G.Baran əlavə edib ki, Türkiyənin müdafiə və aerokosmik sənaye məhsullarının ixracı 2002-ci ildə təxminən 248 milyon dollar olduğu halda, 2026-cı ilin avqustuna olan məlumata görə, 11 milyard dollara yaxınlaşıb.
“Bu gün Türkiyənin hərbi-sənaye kompleksi təxminən 4 min şirkəti əhatə edir. Həmin şirkətlərin iştirakı ilə 1400-dən çox layihə həyata keçirilir, müdafiə sənayesində çalışanların sayı isə 100 mini ötüb. Bununla yanaşı, elmi-tədqiqat işlərinə çəkilən xərclər ildə 3,5 milyard dollardan çox olub”, – deyə o bildirib.