Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzi və “You will speak” Dil Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “IELTS / TOEFL / Duolingo - Hansı imtahanı seçməli?” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Seminarda Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Farid Nağıyev xarici dil biliklərinin elmi fəaliyyət və beynəlxalq akademik əməkdaşlıq üçün əhəmiyyətindən danışıb. O, tələbələrin beynəlxalq mübadilə proqramları, ikili diplom layihələri, xaricdə təhsil imkanları və beynəlxalq elmi mənbələrdən yararlanması baxımından dil biliklərinin vacibliyini vurğulayıb.
Xarici dil üzrə mütəxəssis və təlimçi Nicat Rzayev IELTS, TOEFL və “Duolingo English Test” imtahanlarının strukturu, tapşırıq növləri, qiymətləndirmə meyarları və bal sistemi haqqında məlumat verib. İmtahanların əsas fərqləri, müxtəlif universitetlərin qəbul tələbləri və nəticələrin beynəlxalq təhsil imkanlarından yararlanmaqda rolu izah olunub. Nicat Rzayev nəzəri məlumatlarla yanaşı, praktiki nümunələr təqdim edərək tələbələrə məqsədlərinə və dil bacarıqlarına uyğun imtahan seçimi ilə bağlı tövsiyələr verib. Seminarda xarici dil biliklərinin elmi-tədqiqat fəaliyyətindəki əhəmiyyətinə də diqqət yetirilib. Qeyd olunub ki, beynəlxalq elmi mənbələrdən istifadə, müasir tədqiqatların izlənilməsi, beynəlxalq layihələrdə iştirak və elmi nəticələrin xarici auditoriyaya təqdim edilməsi üçün dil bilikləri mühüm rol oynayır. Beynəlxalq dil imtahanları haqqında məlumatlı olmaq tələbələrin gələcək təhsil və elmi fəaliyyətlərini planlaşdırmalarına, beynəlxalq akademik imkanları düzgün dəyərləndirmələrinə kömək edir.