Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
Balakən, 14 oktyabr, AZƏRTAC
Balakəndə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş rayon müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət siyasətinin prioritetlərinin bir daha diqqətə çatdırılması və qarşıda duran vəzifələrin aydın şəkildə müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycanın qazandığı uğurların, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin və milli maraqların qorunmasının əsas istiqamətlərini özündə əks etdirir.
Müşavirədə Rayon Ağsaqqallar Şurasının sədri Cavanşır Alqayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin inkişafına, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Rayon icra hakimiyyətində Müharibə iştirakçıları və şəhid ailələrinin işin təşkili sektorunun müdiri Hacı Muradov və şəhid anası Aynur Bayramova çıxışlarında Prezident İlham Əliyevin nitqindən irəli gələrək ölkənin siyasi, iqtisadi və hərbi göstəricilərinə, ideoloji və fiziki təhlükəsizlik məsələlərinə toxunulub. Dövlət başçısının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və təhsilinin əhəmiyyətini xüsusi vurğuladığını qeyd edərək, bu istiqamətlərdə qarşıya qoyulan vəzifələrin hər kəsin üzərinə mühüm məsuliyyət qoyduğu diqqətə çatdırılıb.
Müşavirədə, həmçinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Pərvin İbrahimova və Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Elvin Səmədov çıxış edərək ziyalıların üzərinə düşən vəzifələrdən danışıb, dövlətçilik ənənələrinin qorunmasının, milli-mənəvi dəyərlərin təbliğinin, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Qurultayda səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin hər bir sahədə fəaliyyət üçün mühüm istiqamət olduğu qeyd edilib, bu məsələlərin kollektivlər tərəfindən də diqqətdə saxlanılmasının önəmi vurğulanıb.
Müxbir - Rasim İslamoğlu